Newscenter.az.6.05.2019. 1988-ci ildən başlayan oyanış hərəkatı dövründə də ölkədə korrupsiya-rüşvət ocaqları var idi. Ali məktəblərdən tutmuş iri dövlət müssisələrinə qədər. Onda da universitetlərin çoxunda imtahanı pulla yazırdılar. Ancaq hərəkatın önündə korrupsiya və rüşvətə bulaşmamış ziyalılar gedirdi. Yəni siysətdə mənəvi baxımdan təmiz insanların öndə olması və yeni proses başlatması həmişə olub və olacaq. Faciə korrupsiya-rüşvətə bulaşmış şəxsləri siyasi iddialarını ortaya qoyanda başlayır.
Yeni siyasi partiya və yaxud hərəkat yaratmaq, siyasi iddia ortaya qoymaq hər bir vətəndaşın müstəsna hüququdur. Ancaq bir şərtlə ki, insanın keçmişi şəffaf olsun, hökuməti tənqid etməyə, insanları arxasınca aparmağa mənəvi haqqı olsun. Bu bütün dünyada belədir. Və siyasətin fundamental şərtlərindən biri də uduzduğunu etiraf edib siyasi mühitdən uzaqlaşmaqdır. AXC hakimiyyətinin bir neçə naziri indi guya yeni hərəkat yardıb. Özü də söhbət AXC hakimiyyətinin süqutunda önəmli rol oynamış nazirlərdən gedir. Əslində onlar 1993-cü ildə – AXC hakimiyyətdən gedəndə siyasi meydanı tərk etməliydilər. Ancaq etmədilər və 27 il sonra yenidən guya hərəkat yaradırlar. Təbii ki, xalq onların arxasınca getməyəcək və düz də edəcək. Ümumiyyətlə, döyüşü uduzan sərkərdəni yenidən döyüşə göndərmir, ona etimad göstərmirlər. Bu hərb və siyasət aləminin qızıl qanundur. Eyni sözlər sabiq səhiyyə naziri Əli İnsanova və sabiq nazirlərin hamısına aiddir. Onlar normalda gedib, elmlə, pedaqoji fəaliyyətlə, həkimliklə məşğul olmalıdır. Sabiq nazir kimi yüksək pensiya alacaqlar. Pensiya azlıq edərsə, biznes fəaliyyəti ilə məşğul ola bilərlər. Biznes üçün ilkin kapitalları da yetərincədir – korrupsiya yolu ilə kifayət qədər vəsait əldə ediblər.
Siyasətlə isə keçmişi təmiz olan, heç bir korrupsiya rüşvət qalmaqalında adı hallanmayan şəxslər məşğul olmalıdırlar. O adamın 70, hətta 80 yaşı da ola bilər, yetər ki, təmiz keçmişi olsun. Məsələn, Ziya Bünyadov 1988-ci ildə 65 yaşı vardı. Ancaq təmiz keçmişi ona hərəkatın önündə getməyə mane olmadı. Hökuməti tənqid etmək üstün dəyər sayıla bilməz. İsa peygəmbərin sözü olmasın, qoy ilk daşı günahı olmayanlar atsın. Siyasət gəncləşməlidir, Əli İnsnov kimi sabiq məmurlar isə ya ixtisasları üzrə işləməli, ya da bizneslə məşğul olmalıdır. Çünki günahları çox böyükdür.
Qadir İbrahimli, müstəqil ekspert