Newscenter.az.7.05.2019. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Aqrar Ticarət Şirkəti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə aqrar sahədə qadınların məşğulluğunun, onların informasiya, resurs və bazarlara çıxış imkanlarının artırılması, bununla da onların sosial-iqtisadi rifahının yaxşılaşdırılması məqsədilə AFAQ - Aqrar Fəaliyyətli Azərbaycan Qadınları layihəsini həyata keçirəcək.
Layihənin əsas məqsədi qadınlar tərəfindən istehsal olunan məhsulların satış bazarlarına çıxışının asanlaşdırılması, kənd təsərrüfatı sahəsində öz bisnesini qura biləcək qadın sahibkarların formalaşdırılması, onların marketinq və satış sahəsində biliklərinin artırılması, qadınlar üçün kiçik istehsal müəssisələri və istixanaların yaradılmasıdır.
Newscenter.az-a daxil məlumata görə, baş tutan təqdimat mərasimində Kənd Təsərrüfatı Nazirinin müavini İlhamə Qədimova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, FAO-nun Azərbaycandakı ofisinin rəhbəri Mələk Çakmak, dövlət və özəl sektorun, eləcə də beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri, millət vəkilləri, qadın fermer və sahibkarlar iştirak edib.
Tədbirdə çıxış edən FAO-nun Azərbaycandakı ofisinin rəhbəri Mələk Çakmak bildirib ki, FAO-Azərbaycan Tərəfdaşlıq Proqramın əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və FAO-nun strateji məqsədlərinə müvafiq olaraq ev təsərrüfatlarının ərzaq təhlükəsizliyinə, kənd yerlərində dolanışıq səviyyəsinin yaxşılaşdırılmasına və yoxsulluğun azaldılmasına töhfə verməkdir:
“Bu gün qadın fermerlər kənd təsərrüfatındakı məşğulluğun təxminən 50%-ini təşkil edir. Ancaq qadın fermerlərin bilik və informasiyalara çıxışı azdır və bu cəmi 2 faiz təşkil edir. Bu layihədə qadın fermerlərin gördükləri işlərin daha da yaxşılaşdırılması, onların bilik və bacarıqlarının artırılması, eyni zamanda istehsal resurslarına, xüsusilə də kredit kimi maliyyə resurslarının əlçatanlığı üçün onların bazara çıxışına dəstək olunacaq, bununla da onların gəlirlərinin artırılmasına çalışacağıq”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ölkəmizdə qadın sahibkarlığının inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Deyib ki, bu gün təqdim olunan AFAQ layihəsi qadınlar üçün mühüm əhəmiyyət daşıyır. Qadınların məşğulluğu onların ailələrinin rifahının yaxşılaşdırılmasında mühüm rol oynayır. Bu baxımdan AFAQ layihəsi qadınların kənd təsərrüfatında fəaliyyətlərini stimullaşdıracaq.
Daha sonra çıxış edən Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, ölkəmizdə bütün sahələrdə qadınların əməyi yüksəkdir:
“Onların əməyi əsasən rəssamlıq, mədəniyyət və incəsənət sahəsində görünməkdədir. Ancaq istehsal, sənaye və kənd təsərrüfatı sahələrində də onların əməyi az deyil. Xüsusilə də kənd təsərrüfatı sahəsində onların əməyi görünməz olsa da, olduqca böyük və əvəzedilməzdir. Fürsətdən istifadə edərək, bütün qadınları bu layihəyə qoşulmağa və görünməz əməklərinin görünməsinə nail olmağa çağırıram”.
Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova isə bildirib ki, bu layihə 2 il müddətində davam edəcək:
"Məqsədimiz 2 il ərzində uğurlu xanımların hekayələrinin yaradılmasında iştirak etməkdir. Layihə çərçivəsində qadın fermerlər üçün biznesin planlaşdırılması, biznesin inkişafı, liderlik, idarəetmə, marketinq, maliyyə savadlılığı və kənd təsərrüfatı ilə bağlı bacarıqların artırılması məqsədilə təlimlər keçiriləcək. Qadın fermerlərin aktiv şəkildə öz təcrübələrini bir-birilə bölüşməsi və əlaqə yaratmaları üçün onların vahid bir platformada birləşdirilməsi və həmin platforma üzərindən əməkdaşlıqların qurulması nəzərdə tutulur. Layihə zamanı kollektiv istehsal prosesləri üçün pilot fəaliyyətlərin həyata keçirilməsi məqsədilə kiçik istehsal müəssisələri və istixanalar yaradılacaq”.
L.Məmmədova deyib ki, Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM), yerli icra orqanları, yerli QHT-lər və fermer assosiasiyaları layihəyə cəlb olunaraq informasiya-məsləhət xidmətləri və təlim vermə bacarıqları ilə təmin ediləcək:
“AFAQ layihəsində iştirak edəcək aqrar fəaliyyətli qadınlar Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən marketinq, loqistika və anbar dəstəyi ilə də təmin olunacaq. Onların informasiya, istehsal və maliyyə resurslarına çıxış imkanları artacaq, qadınların iqtisadi və sosial fəallığının artırılması ilə kənd təsərrüfatı sahəsində gender bərabərliyinin təmin olunmasına, kənd təsərrüfatı və emal məhsullarının istehsalı sahəsində bilik və bacarıqlarının artırılmasına nail olunacaq”.