Newscenter.az.8.05.2019. İki gün öncə Milli Məclisin deputatı Rasim Musabəyovun "Azneft” meydanı ərazisində yerləşən yeraltı keçiddə küçə ticarəti ilə məşğul olan yeniyetmə ilə bağlı etirazları “nəticə” verib. Belə ki, həmin "popkorn” satan yeniyetmə keçiddən uzaqlaşdırılıb.
Baş vermiş hadisə ilə bağlı münasibətini bildirən müstəqil ekspert Əlabbas Məhərrəmli Newscenter.az-a qeyd edib ki, küçə ticarəti Rasim Musabəyovun deputat seçildiyi dairədə daha geniş yayılıb və millət vəkili həmin ərazilərə də diqqət ayırsa yaxşı olar:
“Səhv etmirəmsə, Rasim Musabəyov parlamentdə Bakının Nərimanov və Nizami rayonlarını təmsil edir. Rasim müəllim, nə oldu sizə? Beynəlxalq siyasətdən, politoloqluqdan hara gəlib çıxdınız? Bu kücə ticarəti və onlarin fəsadları elçisi olduğunuz rayonlarda daha kritik vəziyyətdədir. Bəlkə arabir o ərazilərdən də kecəsiz? Seçicilərinizin bir qisminin yaşadığı Nizami rayonunda "Diqlas" Ticarət Mərkəzi yanıb kül oldu. Nə yanğın vaxtı, nə də sonradan sizi orada görən oldumu? Mən qəbul edirəm, siz xarici siyasətdə yetərincə savada, biliyə maliksiz. Amma. Amması budur ki, gərək hərdən daxili siyasətlə də maraqlanasız. Bilirsiz ki, “Popkorn" satan qız sizin ucbatınızdan işsiz-çörəksiz qalıb. Onun ünvanını öyrəndinizmi ki, heç olmasa qızı axtarıb bir iş tapmasına kömək edəsiniz? Mən sabah seçkilərdə o qızın yaşadığı dairədən “Namizədəm” deyib necə səs istəyim? Axı sizin timsalınızda bir deputat o qızı çörəksiz qoyub. Ona görə də “deputat” adını eşidəndə aqressiv davranırlar. Etməyin. Artıq gedin dincəlin. Səməd Seyidovun sözü olmasin, parlament həqiqətən də dəyişməlidir”.