Newscenter.az.9.05.2019. Gərək qələbə qazananda da, məğlub olanda da bəxt səndən üz dondərməsin... İki dünya müharibəsinə və on milyonlarla insanın ölümünə səbəb olan almanlar bu gün də dünyada söz sahibidirlər, ölkələri də, dövlətləri də, sərhədləri də yerində...
Amma tarixən hamıya qucaq açan, ərazilərində azan-təzən soysuzlara belə yer verən Azərbaycan param-parça...! Bu, nədəndir, səbəb hardan qaynaqlanır?!
Bu dünyada yalnız haqsızlıq edən və rəhmsiz olan istəyinə çatır, deyəsən. Qara Yusifin, Şah İsmayılın, Nadir Şahın, Qacarın qurduqları dövləti özünə arxayınlıq və ədalətli olmaq yıxdı.
Elə düşünürəm ki, qədirbilməzlik də az rol oynamayıb bu itkilərdə. Kərkükə uzaq (iraq) dedik, Borçalıya kənar dedik, İrəvanı nəzir dedik və... İtkilərimiz davam etdi. Yaxın-uzaq hamı bizdən nəsə qopara biləcəyini düşünür həmişə.
Gerçəkliklə yaşamaq istəməmək, reallıqdan qaçmaq, bir növ həqiqətə göz yummaq xisləti də hədsiz rəhm və ədalətimiz qədər zərbə vurub bizə. Bu səbəbdən də bizə məxsus olanları itirəndən sonra onlara şeirlər, dastanlar yazmışıq. Sanki onları itirmişik ki, yaradıcılığımız, folklorumuz, bayatı-ağı "sənaye"miz inkişaf etsin.
Bəzi dastan, nağıl, nəsr-nəzm nümunələrimiz milli faciələr üzərində qurulub. Bir sıra dahilərimizin işğalçının dilində yazıb-yaratması ürək dağlayır. Təəssüf ki, bu gün də vaxtilə işğalçının dilində yazılanları "xırdalayıb" özünə "Xiridar" deyənlərə əl çalanlar az deyil. Bu, işğala, işğalçıya, əsarətə, qul psixologiyasına alqışdan başqa bir şey deyil!
Keçmişimizlə öyünməyi, hər şeyi keçmiş zamanda müzakirə etməyi sevirik. Əslində isə Gələcək keçmişindən dərs almağı bacaranların, Gələcəyi sevənlərindir! Təkcə "mən Qazanxan, Koroğlu, Babək, Qara Yusif, Şah Ismayıl, Cavadxan nəsliyəm" deməklə bir şey çıxmaz. Zamanın, zəmanənin Qəhrəmanı olmağı bacarmalıyıq.
Bunun üçün dəyişməliyik, xarakter olaraq yenilənməliyik, yırtıcı dünyanın dəyərlərini mənimsəməliyik... Belə olmasa, parçalayacaq həqiqi yırtıcılar səni.
Bəlkə... Bəlkə yox, mütləq əsrlər əvvəlin bəzi dəyərlərindən qurtarmalıyıq. Təkcə son 200 ildə itirdiklərimiz dərs almağa yetərlidir. Necə ki, artıq qılınc, qalxan silah kimi yalnız muzeyləri bəzəyir, milli dəyərlərimizin təlqin etdiyi bəzi davranışlar da əsasən daxilimizi bəzəməli, aşkar və gizli düşmənlərə qarşı amansız, necə deyərlər, "dünya dəyərləri"nə uyğun olmalíyıq.
Dostluq, qardaşlıq, din, təriqət, politoloji və ya ideoloji havaların nəticələrinin necə olacağını gözləməyə daha 200 il sərf etsək, onda artıq özümüz də olmayacağıq!!!
Olmaq istəyiriksə, olacağıqsa, vahid ideologiya ətrafında yaxın-uzaq Azərbaycanı birləşdirməyi, bizim olanlara sahib çıxmağı, millət kimi bir VƏ TƏN (xoşum gəldi eşitdiyim bu tapıntıdan) olmağı bacarmalıyıq!
Yeri gəlmişkən,
P.S. Ağsaqqalların, babalarımızın, ulu babalarımızın qazandığı Qələbə Gününüz mübarək olsun!
Bəşarət Məmmədov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvú