Newscenter.az.10.05.2019. Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə Energetika Nazirliyində tədbir keçirilib.
Newscenter.az-a nazirlikdən bildirilib ki, energetika naziri Pərviz Şahbazov Heydər Əliyevin irəli sürdüyü inkişaf proqramları, kompleks tədbirlər, səmərəli kadr islahatları və idarəçilik metodlarından danışıb. Energetika naziri 90-cı illərdə Ulu Öndərin mürəkkəb vəziyyətdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, siyasi böhranın aradan qaldırılması, sosial-iqtisadi problemlərin həlli istiqamətindəki xidmətlərindən də bəhs edib. Onun müəllifi olduğu neft strategiyasının qazandırdığı nailiyyətlərdən, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum (Cənub Qafqaz Boru Kəməri) qaz kəməri və “Şahdəniz” layihələrinin həyata keçirilmə prosesi, iqtisadi və siyasi üstünlüklərindən danışıb.
Ulu Öndərin ideyalarının, strateji inkişaf kursunun bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd edilib. Həyata keçirilən layihələr, elektroenergetika sisteminin dayanıqlığının möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər Heydər Əliyev strategiyasının yeni mərhələdə inkişaf edən nümunələri kimi qiymətləndirilib.
Tədbirin yekununda Ümummilli Liderə həsr olunmuş film nümayiş etdirilib.