Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya Azərbaycanlıları Assambleyası müdafiə nazirinə müraciət etdi

Dünya Azərbaycanlıları Assambleyası müdafiə nazirinə müraciət etdi


Newscenter.az.11.05.2019. Dünya Azərbaycanlıları Assambleyası Azərbaycan Respublikasının Müdafiə Naziri, general polkovnik Cənab Zakir Həsənova müraciət ünvanlayıb.

Newscenter.az həmin müraciəti təqdim edir:

Hörmətli Cənab Zakir Həsənov,


Bir neçə gün öncə Ermənistan Respublikasının baz naziri, Nikol Paşinyan işğal olunmuş Azərbaycan ərazilərinə səfər etmişdir. Bu addımı ilə o bütün hüquq normalarını, qətnamələri heçə saydığını göstərmiş , sülhə hazır olmadığını aşkar nümayiş etdirmişdir. Digər tərəfdən bu görüntü dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı hiddətləndirmişdir. Nəzərə alsaq ki, bir çox insanlarımız öz yaxınlarını o torpaqlarda itiriblər, (mən də atamı 1992-ci ildə Ağdərə döyüşlərində itirmişəm) milyonlarla soydaşlarımız , yurd yuvalarından didərgin düşüb , bu addım milyonlarla vətəndaşımızı dərindən hiddətləndirmiş , öz doğma yurd yuvalarını itirən insanlara ciddi mənəvi və psixioloji zərbə vurmuşdur.

Hörmətli Cənab Nazir,


Nikol Paşinyan özünü siyasətçidən daha çox “yaramaz uşaq” kimi aparmaqdadır.

Sizcə bu “yaramaz uşağa” öz yerini göstərməyin zamanı yetişməyibmi ?

Ortada BMT-nin Dağlıq Qarabağla bağlı qəbul etdiyi məlum qətnamələri, Avropa Şurası, ATƏT, Avropa Parlamenti , NATO Parlament Assambleyasının ərazi bütövlüyümüzü müdafiə etməsi ilə bağlı qərarları, qətnamə,aktları var ikən biz nəyi gözləyəcəyik? Yaxud nə qədər gözləməliyik?

Hörmətli cənab nazir,


Sülh danışıqlarının dalana dirəndiyini, danışıqlar yolu ilə işğal olunmuş ərazilərimizin qaytarılmayacağı əminliyi həm bizdə, həm dünyaya səpələnmiş soydaşlarımızda hakim kəsilmişdir. Hər dəfə erməni işğalı ordusunun müxtəlif tədbirlərini öz ərazilərimizdə seyr etmək, hədyanlarını eşitmək həmvətənlilərimizin sinirlərini tarıma çəkmişdir. 25 ildir nəticəsiz danışıqların “irəliləyişə doğru” addım olduğunu eşitməkdən, oxumaqdan yorulmuşuq. Şuşada Paşinyanın son hərəkətlərindən sonra heç kim xalqımızı bu görüşlərin “irəliliyə doğru addım” olduğuna inandıra bilməyəcəkdir.

Məhz buna görə Azərbaycan Respublikasının beynəlxalq qurumlar tərəfindən sərhədlərini , ərazi bütövlüyünü ordu rəhbəri kimi tam bərpa etmək və bunun üçün müvafiq göstəriş vermək tam qanuni, siyasi və mənəvi haqqınızdır

Mərkəzi Almaniyada yerləşən beynəlxalq ictimai təşkilat olaraq, dünyanın müxtəlif ölkələrinə yayılmış yüzminlərlə soydaşımızın ricasını sizlərə çatdırmaq borc hesab edirik. Sizdən rica edirik ki, tezliklə beynəlxalq ictimaiyyətin də tanıdığı ərazilərimizdən işğalçı ordunun təmizlənməsi əməliyyatı başlanılsın.

Ermənistan rejiminin Dağlıq Qarabağa səfərləri Hərbi Hava Qüvvələrimiz tərəfindən nəzarətə götürülsün və bir daha bucür səfərlər təşkil olunacağı halda ciddi və əməli tədbir görülsün. İşğalçı ölkəyə səfər edən hər hansı nəqliyyat vasitəsi silahlı qüvvələrimiz tərəfindən vurulması üçün sizdən əmr vermənizi, rica edir yalnız bucür davranışı sizdən gözləyirik.

Biz bilirik ki, bunlar ediləcəyi halda erməni lobbisi işə keçəcək , ölkəmizə qarşı böhtan kampaniyasına start verəcəklər. Ancaq sizi əmin edirik ki, yüz minlərlə soydaşımız sizin bu addımınızı alqışlayacaq, Ali Baş Komandanımızın əmri, sizin göstərişinizlə qəbul ediləcək anti separatizm əməliyyatı tərəfimizdən fəal şəkildə dəstəklənəcək və bu qərarın beynəlxalq sferada müdafiə olunması üçün bütün qüvvələrimizi səfərbər edəcyik.

Hörmətli Cənab Nazir,

Səfərbərlik olunacağı təqdirdə, on minlərlə soydaşımızın da könüllü mübarizəyə qatılıb şərəfli və şanlı ordumuza dəstək olacağından da şübhəniz olmasın!

Beləliklə biz sizin Dağlıq Qarabağı işğaldan azad etmə əməliyyatınızla bağlı qərarı səbrsizliklə ən qısa zamanda gözləyirik!

İstənilən halda dünya azərbaycanlıları sizinlədir!

Hörmət və sevgilərlə

Rəşad Quliyev

Dünya Azərbaycanlıları Assambleyası prezidenti
Xəbəri paylaş