Newscenter.az.11.05.2019. "Siyasi partiya və ictimai birliklərdən ibarət hakimiyyəti dəstəkləyən hərəkatın yaradılması təşəbbüsü irəli sürülübsə, buna da xoş baxmaq, müsbət yanaşmaq lazımdır".
Belə bir açıqlama ilə çıxış edən Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov Newscenter.az-a bildirib ki, dünya praktikasında bu kimi siyasi təcrübə və ənənələrə rast gəlmək mümkündür:
"Bu mənada, əgər müxalifyönlü qüvvələr və fərdlər son vaxtlar xüsusi fəallıq göstərərək müxtəlif hərəkat və qruplar şəklində bir araya gəlirsə, iqtidarı dəstəkləyən qüvvələrin də bir araya gəlməsi və hərəkat şəklində təmərküzləşməsi təşəbbüsü tamamilə anlamlı və təbiidir. Rəhbərlik etdiyim Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) vaxtilə iqtidaryönlü siyasi partiyaların Məşvərət Məclisində ən fəal partiyalardan biri olub. Biz indi də iqtidarı birmənalı surətdə dəstəkləyirik və Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyən bütün siyasi qüvvələrlə, ictimai birliklərlə əməkdaşlığa, işbirliyinə də açığıq".
Partiya sədri onu da diqqətə çatdırıb ki, ümumilikdə götürdükdə Prezident İlham Əliyevin siyasi partiya və ictimai birliklər tərəfindən hər hansı bir formada zəruri dəstəyə ehtiyacı yoxdur. Çünki İlham Əliyev hazırda kifayət qədər özünəinamlı və xalq tərəfindən ciddi surətdə dəstəklənən bir liderdir.
İnqilab