Newscenter.az.11.05.2019. "Mən həmişə bu mövqedə olmuşam ki, iqtidara müxalifətdə olmaq olar, bu, normaldır. Amma xalqa, millətə qarşı müxalifətdə olmaq, bax bu, artıq nəinki alçaqlıqdı, həm də təhlükəlidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Rəsulzadə bələdiyyəsi sədrinin köməkçisi Jalə Tofiqqızı Milli Şuranın üzvü, sabiq millət vəkili Gültəkin Hacıbəylinin Ermənistanın baş naziri Nikol Paşinyanın Şuşaya səfərinə münasibət bildirərkən Azərbaycan xalqını riyakarlıqda ittiham etməsinə cavab olaraq olaraq səsləndirib. Onun sözlərinə görə, sabiq millət vəkilinin dövlət başçısını, dövlət qurumunu heçə sayması azmış kimi, bütövlükdə Azərbaycan xalqını riyakarlıqda ittiham etməsi heç bir əndazəyə sığmır:
"Yenə deyirəm, iqtidara müxalif olmaq başqadı. Xalqı təhqir etmək isə ən azı simasızlıqdı. Sabah o, hansı üzlə çıxıb xalqı müxalifətin avantürist mitinqlərinə səsləyəcək? "Riyakar" adlandırdığı xalq onun çağırışına niyə dəstək verməlidir ki? Daha da çox təhqir olunsun deyəmi? Xalqı, milləti təhqir edəcək həddə olan şəxs üçün müqəddəs heç nə yoxdu və əsl təhlükəli olan da budur. Adama deyərlər, dövləti, dövlət başçısını, xalqı ittiham edən şəxs, müxalifət nümayəndəsi olaraq sən nə etmisən? Bəlkə Paşinyana bəyanat göndərib gözünü qorxutmusan? Ya xaricdə oturub Azərbaycana qarşı üfunətini dağıdan müxaliflik aşiqləri - dostlarınız Avropada, avropalılar arasında Paşinyana qarşı hansısa çağırış edib? Ona görə də nəsə bəyanat verəndə (hərçənd ki, müxalifətin verdiyi bəyanatlar status səviyyəsindən və statusdan o tərəfə ola bilmir), status yazanda arada bir düşünün ki, dedikləriniz bumeranq kimi özünüzə qayıtmasın".
İnqilab