Newscenter.az.12.05.2019. Jurnalist Pərvanə Sabirqızı gənclər və idman naziri Azad Rəhimovu qardaşının qatilini müdafiə etməkdə suçlayıb.
AFN-in məlumatına görə, P.Sabirqızı bildirib ki, nazir qardaşını qətlə yetirən Ələkbər Ağakişiyevə himayədarlıq edir. O, mövzu ilə bağlı fotolar da paylaşıb: "Fotolarda Ələkbər Ağakişiyev "əl işini", ustalığını, qardaşıma necə zərbələr endirdiyini istintaqa göstərir. Qardaşımın digər şəkillərini də sizlərə təqdim edirəm, onun kürəyinə vurulan zərbələrin izlərinə diqqət edin. Və onu bu hala salan qatili gənclər və idman naziri Azad Rəhimov müdafiə edir. Nazirin baş prokuror Zakir Qaralova ünvanladığl məktubu da sizlərə təqdim edirəm. Azad Rəhimov qardaşımın ölümünü sadəcə xoşagəlməz hadisə adlandırır və Ələkbər Ağakişiyevin 2020 Tokio Yay Olimpiya Oyunlarina namizəd hakimlərdən olduğunu yazaraq, onun idman sahəsindəki naliyyətlərinin da nəzərə alınmasını xahiş edir. İnsanlarda idmana nifrət oyatmayın! İdman meydançası ilə həyatımızı səhv salmayın! Onda belə çıxır ki, hər hansı bir idmançı küçələrdə adam öldürəcək, sonra bir nazir məktubu ilə özünü sığortalayacaq??? Fiziki cəhətdən Ələkbərdən qat-qat zəif olan qardaşımdanmı sizin idmançınız özünü müdafiə edìb? Və üstəlik, dostlarıyla birgə?! Cənab nazir, sadəcə qardaşımın şəkillərinə baxın!!!"
Qeyd edək ki, P.Sabirqızının qardaşı Pərviz Həbibov nişanlısının qardaşı Ələkbər Ağakişiyev tərəfindən döyülərək öldürülüb. İstintaq Ə. Ağakişiyevi Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərbə vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) ittiham etsə də, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlövsət Abbasov ittihamı CM-nin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edib və Ə.Ağakişiyevə məntəqə tipli cəza rejimində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib.
P.Sabirqızı bildirib ki, qardaşı döyüləndən sonra nişanlısına "Whatsapp"la mesaj yazaraq onu 3 nəfərin döydüyünü deyib. Lakin istintaqa bir nəfər cəlb olunub. Jurnalist əlavə edib ki, bir insanın ölümündə ittiham olunan şəxsin həbsdən azad olunaraq məntəqə tipli rejimdə cəza çəkməyə məhkum edilməsi ədalət anlayışına lağ etmədir: "Ələkbər Ağakişiyev ifadəsində etiraf edib ki, qardaşımı vurub yerə yıxandan sonra da vurmağa davam edib. Bu hərəkəti necə ehtiyatsızlıqdan adam öldürmə hesab etmək olar?"
P.Sabirqızının ailəsi hökmdən apellyasiya şikayəti edib və müvafiq qurumlara müraciətində yuxarı instansiyalarda işə düzgün baxılmasını, ədalətli qərar çıxarılmasını xahiş edib.