Newscenter.az.16.05.2019. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb. Newscenter.az xəbər verir ki, nəticələrə əsasən, imtahanda iştirak edən 1 655 namizəddən 555 nəfəri keçid balından yüksək nəticə göstərib.
İmtahanların nəticələrinə və mövcud olan vakansiyalara uyğun olaraq keçid balları müəyyənləşdirilib. Belə ki, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul üzrə keçid balı 28, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə işə qəbul üzrə keçid balı 25, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə keçid balı 25, psixoloq vəzifəsinə işə qəbul üzrə keçid balı 28, uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə işə qəbul üzrə keçid balı 26, laborant vəzifəsinə işə qəbul üzrə keçid balı 18, kitabxanaçı vəzifəsinə işə qəbul üzrə keçid balı 15 müəyyən edilib.
Müəyyən edilmiş keçid ballarına əsasən, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul üzrə 106, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə işə qəbul üzrə 54, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə 21, psixoloq vəzifəsinə işə qəbul üzrə 40, uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə işə qəbul üzrə 54, laborant vəzifəsinə işə qəbul üzrə 248, kitabxanaçı vəzifəsinə işə qəbul üzrə 32 namizəd növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.
İmtahan nəticələri barədə məlumatlar artıq namizədlərin şəxsi səhifələrinə göndərilib. Keçid balından yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.
R.Mehdiyeva