Newscenter.az.17.05.2019. Azərbaycan prezidentinin 03.04.2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının effektivliyinin artırılması, sahibkarlıqla bağlı məsələlərin məhkəmələrdə daha sürətli və səmərəli həllinin təmin edilməsi ilə əlaqədar bir sıra tapşırıqlar, proqram xarakterli müddəalar öz əksini tapıb.
Azərbaycan Sahibkarlar Konfederasiyasından Newscenter.az-a bildirilib ki, bununla əlaqədar mayın 20-də “Məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi” təşkil olunacaq.
Müzakirələrdə Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev, Ali Məhkəmənin səlahiyyətli şəxsləri və sahibkarlar iştirak edəcəklər.