Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası yaradıldı

Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası yaradıldı


Newscenter.az.17.05.2019. Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Türkdilli Dövlətlərin Sənaye və Ticarət Palatasının (TTSP) Əsasnaməsinin imzalanma mərasimi keçirilib. Newscenter.az-a Sahibkarlar Konfederasiyasından bildirilib ki, tədbirdə Azərbaycanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi səfir Bağdat Amreyevin dəvətinə uyğun olaraq Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti cənab Məmməd Musayev təmsil edir.

İmzalanma mərasimində ASK-nın nümayəndə heyəti ilə yanaşı, Qazaxıstanın baş naziri Askar Mamin, Milli İqtisadiyyat naziri Ruslan Dalenov, “Atameken” Qazaxıstan Milli Sahibkarlar Konfederasiyasının İdarə heyətinin sədri Ablay Myrzahmedov, Türkiyə Odalar və Borsalar Birliyinin (TOBB) prezidenti Rifat Hısarcıklıoğlu, Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov və digər rəsmi qonaqlar da iştirak edib.

Türkdilli Dövlətlərin Sənaye və Ticarət Palatasında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Qazaxıstan Respublikası Sahibkarlar Milli Palatası (QRSMP), Qırğız Respublikası Ticarət və Sənaye Palatası (QRTSP), Türkiyə Palatalar və Birjalar Birliyi (TƏMPB), Türkmənistan Respublikası Ticarət və Sənaye Palatası (TSP Türkmənistan), Özbəkistan Ticarət və Sənaye Palatası təmsil olunurlar.

Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının məqsədi Türkdilli dövlətlərin biznes sektorundakı əməkdaşlığı inkişaf etdirmək və bununla iqtisadi inteqrasiyaya, iqtisadi və ictimai inkişafa nail olmaqdır.
Beləliklə, Türkdilli dövlətlərin əməkdaşlıq Şurasının üzv dövlətlərinin bəyannaməsi əsasında Almatada, Bişkekdə, Qəbələdə, Bodrumda, Astanada və Cholpon Ata-da Türkdilli dövlətlər arasında keçirilən zirvə görüşlərinin təşkil olunması qərara alınıb.

Türkdilli dövlətlərin iqtisadiyyatlarının bir-birini tamamlaması faktoru, üzv dövlətlərin biznes icmaları arasında iqtisadi əlaqələrin gücləndirilməsi və türkdilli dövlətlər arasında iqtisadi əlaqələrin inkişafı etdirilməsi əsas hədəflərdəndir.

Qurumun vəzifələri arasında üzv ölkələrin mal və xidmətlərin mübadiləsinə mane olan amilləri, o cümlədən nəqliyyat problemlərini aradan qaldırmaqla, bölgədə ticarətin asanlaşdırılmasını təmin etmək, xarici investisiya yatırımlarının artırılması məqsədilə investisiya mühitinin inkişafına kömək göstərmək və türkdilli dövlətlərin şirkətləri arasında yarana biləcək ticari mübahisələrin həllində yardımlaşma istiqamətləri də var.
Türkdilli Dövlətlərin Sənaye və Ticarət Palatası eyni zamanda Türk Şurası Sammiti müddətində dövlət rəhbərlərinin İqtisadi Şurasının verdiyi təlimatları yerinə yetirmək funksiyası daşıyır.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Sənaye və Ticarət Palatasının yaradılması barədə razılıq 14 dekabr 2018-ci il tarixində Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türkdilli Dövlətlərin Biznes Şurasının rəsmi görüşü zamanı əldə olunub.
Xəbəri paylaş