Newscenter.az.20.05.2019. “OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov bir sıra görüşlər keçirib. Newscenter.az-a nazirlikdən verilən məlumata görə, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih ilə görüşdə qlobal neft bazarının cari vəziyyəti, öhdəliklərin icra səviyyəsi, qısa və uzunmüddətli perspektivdə gözləntilər, eləcə də ikitərəfli enerji əməkdaşlığına dair məsələlər müzakirə edilib.
Xalid Əl Falih “OPEC plus” formatının ilkin təşəbbüskarlarından biri kimi Azərbaycan Prezidentinin rolunu və ölkəmizin “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində neft bazarının tənzimlənməsi prosesində iştirakını, Nazirlərin Birgə Monitorinq Komitəsinin Bakıda keçirilmiş tədbirinin əhəmiyyətini qeyd edib. Neft bazarının mümkün inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb.
Azərbaycanın dünya neft bazarında tarazlıq, qiymət sabitliyi naminə əməkdaşlığa davamlı dəstək verdiyini deyən Energetika naziri Pərviz Şahbazov isə bildirib ki, aprel ayında hasilatın azaldılması ilə bağlı öhdəlik artıqlaması ilə yerinə yetirilib.
İki ölkə arasında enerji sahəsinə qarşılıqlı investisiya yatırılması, biznes dairələri arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib. Bərpa olunan enerji sahəsində Səudiyyə Ərəbistanının “ACWA POWER” şirkəti ilə imzalanmış əməkdaşlıq memorandum çərçivəsində görüləcək tədbirlər ətrafında müzakirələr aparılıb.
OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo ilə görüşdə də neft bazarının vəziyyəti əsas müzakirə mövzusu olub. Məhəmməd Sanusi Barkindo bazarda sabitliyin qərarlaşması üçün “OPEC plus” formatında tədbirlərin davam etdirilməsini vacib hesab edib.