Newscenter.az.22.05.2019. Bakı metropoliteninin fəaliyyətinin təmin edilməsi, elektrik enerjisinin keyfiyyətli və fasiləsiz verilişindən asılıdır. Şəhər ictimai sərnişindaşıma nəqliyyatı sektorundakı əhəmiyyəti nəzərə alınaraq, fövqəladə hallarda (elektrik enerjisinin verilişində məhdudiyyətlər yarandığı hallarda) metropolitenin minimal ehtiyaclarının ödənilməsi ən aktual məsələlərdən biridir.
Newscenter.az-a "Bakı Metropoliteni"ndən bildirilib ki, 2018-ci il iyulun 3-də "Azərbaycan" İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilişində yaranan məhdudiyyət Bakı metropoliteninin fəaliyyətinə mənfi təsir göstərərək, texniki qurğuların, stansiya və tunellərdə qatarların dayanmasına gətirib çıxarmışdı. Metropoliteni qidalandıran bütün elektrik xətlərinə verilən gərginlik kəsildiyindən tunel və stansiyalarda sərnişinlərin təxliyəsi qəza işıqlarının qoşulması ilə aparılmışdı. Lakin müasir dövrdə elmi-texniki tərəqqinin imkanları təhlükəsizliyin təmin edilməsi baxımından daha əsaslı addımların atılmasını tələb edir.
Ötən il iyulun 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə ölkənin enerji sistemində yaranmış vəziyyətlə əlaqədar keçirilən müşavirədə dövlət başçısı fövqəladə hallarda metropolitenin ehtiyat elektrik mənbələrindən qidalanmasının zəruriliyini xüsusi qeyd edərək, qısa müddət ərzində təkliflərin hazırlanması barədə tapşırıq vermişdi.
Dövlət başçısı məsələnin aktuallığını Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da xüsusi qeyd edib: "İlk növbədə, metro stansiyalarında generatorlar quraşdırılacaq. Artıq kontraktlar da imzalandı və bu il biz bunu tam şəkildə təmin edəcəyik. Bu, bizə imkan verəcək ki, əgər hər hansı bir qəza olarsa, metro tunelində heç bir qatar qalmasın. Yəni, bu generatorlar imkan verəcək ki, qatarlar stansiyaya qədər gəlsin və vətəndaşlar stansiyaya həm rahat düşə bilsinlər, həm də eskalatorlarla qalxa bilsinlər. Metroda quraşdırılan generatorların əsas funksiyası bundan ibarətdir".
Qeyd edək ki, baş vermiş qəzadan ötən müddət ərzində qarşıya qoyulan vəzifələrin həlli istiqamətində mühüm tədbirlər görülərək, ciddi addımlar atılıb. Bununla əlaqədar "Bakı Metropoliteni" QSC-də təkliflərin hazırlanması istiqamətində rəhbər və mütəxəssis heyətinin iştirakı ilə geniş tərkibdə müzakirələr aparılıb, vəziyyət təhlil olunaraq, metropolitenin elektrik enerjisinə minimal ehtiyacları müəyyən edilib.
Ümumən, metropolitendə müxtəlif növ cərəyan və gərginlik tələb edən sahələr fəaliyyət göstərir. Bu tələbləri nəzərə alaraq, fövqəladə hallarda elektrik enerjisi ilə təminatın dizel elektrik stansiyaları vasitəsilə aparılması daha məqsədəuyğun hesab edilib. Araşdırmalar nəticəsində, dizel elektrik stansiyaların metropoliten stansiyalarında və ya onların yaxınlığında qurulmasının effektivsizliyi müəyyən olunub.
"Bakı Metropoliteni" QSC və "Azərişıq" ASC-nin potensial imkanları nəzərə alınaraq, məsələyə ortaq yanaşma aspektləri, ümumi mövqe müəyyən olunub, görüləcək işlərin əsas istiqamətləri araşdırılıb. Alternativ mənbə funksiyasını daşıyan dizel-elektrik stansiyaların "Azərişıq" ASC-nin rayon yarımstansiyalarında
yaradılması optimal variant kimi qəbul edilib. Qəza vəziyyətlərində metropolitenə enerji bu yarımstansiyalardan veriləcək.
"Azərişıq" ASC ilə hərtərəfli müzakirələrdən sonra dizel-elektrik stansiyalarının yerləşmə nöqtələri müəyyən olunub və birgə konsepsiya hazırlanıb. Metropolitenin əsas enerji ehtiyaclarının ödənməsi müxtəlif güclərə malik mənbələrdən ən azı 10 yarımstansiyadan təmin olunacaq. Alınacaq generatorların ümumi gücü də müəyyən olunub. Ümumılikdə "Azərişıq" ASC-nin yarımstansiyalarında 12 ədəd 2.5 MVt, 4 ədəd 2 MVt və 1 ədəd 1 MVt gücündə dizel-generatorın qurulması qətiləşib. Bu məqsədlə "Rolls-Royse Power Systems AG-nin MTU" GmbH şirkəti ilə müxtəlif gücə malik 17 generatorun istehsalı barədə imzalanan müqavilənin nəticəsi olraq həmin qurğular artıq təyinatı üzrə müvafiq yarımstansiyalarda quraşdırılıb. Hazırda sazlama işləri aparılır.
Dizel elektrik stansiyalar fəaliyyətə başlayana qədər baş verə biləcək fövqəladə hallarda elektrik enerjisi ilə bağlı "Bakı Metropoliteni" QSC-də ən zəruri ehtiyacların ödənməsi məqsədilə müvəqqəti tədbir də görüb. Yeraltı qrunt sularının metro tunellərindən xaric edilməsi üçün suxaric qurğuların fəaliyyətini təmin etmək məqsədilə 450 kVA gücə malik mobil dizel elektrik stansiyasının sınaqlarının nəticəsi qənaətbəxş hesab olunub. İki belə dizel-generator stansiyası alınaraq ehtiyatda saxlanılır.
Onu da əlavə edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il mart ayının 18-də imzaladığı Sərəncamla təsdiq etdiyi “Bakı metropoliteni xətlərinin konseptual inkişaf sxemi”nə uyğun olaraq, yeni xətlərdə bu məsələlər xüsusi nəzərə alınacaq. Hazırda iki stansiyası istismarda olan Bənövşəyi xəttin 3-cü stansiyası ilə yanaşı, tikinti ərazisində gücü 16 MVA olan dizel-generator stansiyası inşa edilir. Bu dizel-generator stansiyası qatarların tunellərdən stansiyaya çıxarılmasını, stansiya, tunel və vaqonların işıqlandırılmasını, ventilyatorların, eskalator, lift və travolatorların, suxaric qurğularının, ümumiyyətlə, yeni xəttin ilk 3 stansiyasının infrastrukturunu tələb olunan enerji ilə təmin edəcək.
Layihəyə uyğun olaraq, bu xətt üzrə inşa olunacaq 12 stansiyanı qidalandıran 35 kV-luq iki yarımstansiyada qurulacaq dizel-generator stansiyalar xəttin elektrik təchizatı ilə bağlı hər bir fövqəladə ehtiyaclarını təmin edəcək. Gələcəkdə tikiləcək bütün yeni xətlər də, eyni qayda ilə ehtiyat enerji qida mənbələri ilə təchiz olunacaq.