Newscenter.az.29.05.2019. “Vətəndaşların Şikayətlərinin Araşdırılması üzrə Dövlət Komitəsi, yaxud komissiyası yaradılsın, onun üstün səlahiyyətləri olsun”.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə politoloq Nəzakət Məmmədova çıxış edib. O, qeyd edib ki, yaranacaq qurum birbaşa prezidentə tabe olsun, ona məruzə etsin:
“Çünki vətəndaş narazı olduğu bir qurumdan dövlət başçısının adına şikayət yazır, həmin şikayət ərizəsi Asminstrasiyadan dərkənarla baxılması və vətəndaşa cavab verməsi üçün göndərilir həmin dövlət qurumuna. Bu qurumlar isə müşahidə etdiyim qədərilə çox az hallarda vətəndaşın şikayətini təmin edir. Çünki vətəndaşa qarşı qanun pozuntusunu özləri etdiyi üçün geriyə addım atıb özlərini sındırmaq, qanunsuzluq etdiklərini etiraf etmək istəmirlər və nəticədə cox vaxt tədbir görmədən, pozulmuş hüquq bərpa edilmədən başdansovdu, bəzi hallarda edilmiş haqsızlığa bəraət qazandırılan formal cavab şikayətçiyə göndərilir və məsələ bitmiş sayılır. Vətəndaş dövlətdən narazı qalır”.
Politoloq hesab edir ki, vətəndaşın ondan etdiyi şikayətə qanunsuzluq etmiş qurumun özü heç zaman obyektiv baxa bilməz:
“Əksinə, bir çox hallarda məhz şikayət etdiyi üçün vətəndaşla ədavət aparırlar, imkan tapdıqca daha da problem yaradılır. "Səndən yar, sənə yar, şikayətim var" olmaması üçün müstəqil, geniş səlahiyyətləri olan, vicdanlı, inanılmış, peşəkar şəxslərdən ibarət komissiya yaradılması yaxşı nəticə verərdi. Onlar istənilən vaxt, xəbərdarlıq etmədən istənilən dövlət qurumuna gedib hadisəni operativ, yerindəcə yoxlamaq səlahiyyətlərinə malik olmalıdır. Bax, o zaman doğurdan da dövlət başçısına ünvanlanmış şikayətlər həqiqi həllini tapacaq və vətəndaşın dövlətinə inamı artacaq. Məktublara formal yanaşma ilə heç nə, heç bir problem həll oluna bilməz”.