Newscenter.az.30.05.2019. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Azərbaycan Fitoterapevtlər İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Qafqaz Point" otelində "Sağlam, gənc və uzun ömürlü olmaq üçün təmizlənmə (detox) müalicələri" mövzusundə konfrans keçirilib. Konfransda Türkiyədən Naturmed Termal Sağlıq Mərkəzinin baş həkimi, Doğa və Sağlıq Vəqfi sədri, Avropada tanınmış uzman dr. Yaşar Yılmaz da iştirak edib.
Tədbiri giriş sözü ilə açan ATXƏM-in sədri İlham İsmayılov bildirib ki, konfransın keçirilməsində əsas məqsəd ölkəmizdə sağlam nəslin yetişdirilməsində təbii müalicə üsullarının təşviqinə nail olmaq, insanlarda təbiətə olan sevgini, doğanın əhəmiyyətini bir daha anlatmaqdır. "Təşkilatımızın əsas fəaliyyət istiqaməti türk xalqalrı ilə əməkdaşlıq olduğuna baxmayaraq, zaman-zaman sağlıq və tibb ilə bağlı da tədbirlərimiz olur. 2010-cu ildən başlayaraq, Naxçıvanda, Qarabağ bölgəsində, Quba, Bakı və Gəncə şəhərlərində Türk Dünyası Akademik Tibb və Tarix Konfransları təşkil etmişik. Əsas məqsədimiz isə bu sahədə də qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək, mübadilə proqramlarına dəstək verməkdir".
Azərbaycan Fitoterapevtlər İctimai Birliyinin sədri, tibb elmləri doktoru, Nərgiz Klinikasının baş həkimi Məlahət Qəhrəmanova bildirib ki, uzun illərdir klinikada təbii müalicə üsullarına geniş yer verilib: "Əsas məqsədimiz kimyəvi dərman vasitələrindən istifadəni azaltmaqla, təbii müalicə üsullarına üstünlük vermək, milli genofondumuzun sağlamlığına çalışmaqdır. Odur ki, biz bu gün Türkiyədə fəaliyyət göstərən NaturMed sağlıq mərkəzi ilə qarşılıqlı əməkdaşlıqda maraqlıyıq. Ümid edirəm ki, bu əməkdaşlıq hər iki qardaş xalqın sağlamlığının təmin olunmasında öz töhfəsini verəcəkdir".
Naturmed Termal Sağlıq Mərkəzinin baş həkimi, Doğa və Sağlıq Vəqfi sədri dr. Yaşar Yılmaz çıxışında suyun və yaşıllığın insan həyatındakı önəminə diqqət çəkərək bildirib ki, biz cəmiyyətdə öncə elə işləri təşviq etməliyik ki, onlar insanların xəstə olmaması üçün əsaslardır: "Bu təbiət və meşə sahələrinin bol olmasıdır. Ən inkişaf etmiş ölkələrin sağlamlıq durumuna baxsaq görərik ki, yaşıllıq zolaqlarının bolluğu və təmiz su mənbələrinin varlığı sağlamlığı yaradan əsas nəsnələrdir. Bizim təsisatın da əsas üstünlüyü ondan ibarətdir ki, bizim proqam insanlara necə xəstə olmamağı öyrədir və əminəm ki, bu yaşam tərzini seçənlər uzunömürlülər olaraq həyatlarına davam edirlər".
Millət vəkili İlham Məmmədov, akademik Vaqif Abbasov çıxışlarında təbii üsullarla yaşam tərzinin təbliğinə daha çox yer ayrılmasının təbliğ olunmasını vacib sayıblar. Natiqlər bildiriblər ki, Azərbaycanın özünəxas florası və təbii müalicə mərkəzləri mövcuddur. Bu müalicə mərkəzlərinin bir çoxu hətta xarici ölkələrdə də məşhurdur, biz bu müəssələri hər zaman təbliğ etməliyik.
Daha sonra konfrans akademik məruzələrlə davam etdirilib. Azərbaycan Tibb Universitetinin Əczaçılığın Texnoloğiyası və idarəçiliyi kafedrasının baş müəllimi Aidə Bəndəliyeva "GMO məhsulları və onların törətdiyi fəsadlar" mövzusunda çıxış edib. O, çıxışında təssüf hissi ilə qeyd edib ki, son illərdə ölkədə GMO məhsullarının sayı artıb. Gələcəyimiz üçün kifayətqədər təhlükəli olduğunu deyən natiq, onu da müsbət tendensiya kimi əlavə edib ki, son vaxtlar ölkədə qida təhlükəsizliyinə diqqətin artması və bu istiqamətdə məqsədypnlü tədbirlərin həyata keçirilməsi təhülkə risqini az miqdarda da olsa aşağı salır. Aidə Bəndəliyeva GMO məhsullarından uzaq durmağı tövsiyə edib və qeyd edib ki, xüsusilə gələcəyimiz olan uşaqlar sağlam formada qidalanmalıdırlar. Tədbirdə məruzə ilə çıxış edən həkimlər - Aytəkin Həsənova, dos.dr.Zeyqəm Süleymanov, Lətafət Mustafayev və Xəyalə Məmmədova da təbii müalicə metodlarının önəminə diqqət çəkiblər.
Tədbir plaket və sertifikat təqdimatı ilə başa çatıb.