Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pedaqoji təcrübənin yekunlarına həsr edilmiş konfrans keçirilib

 Pedaqoji təcrübənin yekunlarına həsr edilmiş konfrans keçirilib


Newscenter.az.1.06.2019. Mayın 31-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2018-2019-cu tədris ilində ali təhsilin bakalavriat səviyyəsində əyani və qiyabi təhsilalma forması üzrə təhsil alan tələbələrin pedaqoji təcrübəsinin yekunlarına həsr edilmiş konfrans keçirilib.

Newscenter.az xəbər verir ki, konfransda ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, universitetin prorektorları, fakültə dekanları, metodika, pedaqogika və psixologiya kafedralarının müdirləri, fakültə üzrə tərcübə rəhbərləri, ixtisaslar üzrə metodistlər, pedaqoqlar, psixoloqlar, Təcrübə Komissiyasının üzvləri, tələbələrin pedaqoji təcrübə keçdikləri tam orta məktəblərin direktorları, müəllimlər iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Konfransda pedaqoji təcrübədə olmuş tələbələrin “Pedaqoji təcrübədə nə gördük? Nə eşitdik? Nə etdik?”sualları əsasında debatı təşkil edilib.

ADPU-nun Tədris işləri üzrə prorektoru Eldar Aslanov 2018-2019-cu tədris ilinin pedaqoji (istehsalat) təcrübəsinin nəticələri haqqında ümumi məlumat verib. E.Aslanov qeyd edib ki, ADPU üzrə 2018-2019-cu tədris ilinin pedaqoji (istehsalat) təcrübəsi 14 həftə müddətində keçirilib. Prorektor çıxışı zamanı ADPU-nun 3 827 tələbəsinin pedaqoji təcrübə keçdiyini bildirib.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev universitet-məktəb əməkdaşlığının təkcə təcrübə müddətində deyil, tədris ili ərzində davam etməsinin və sistemli xarakter daşımasının vacibliyini qeyd edib. İdarə müdiri dərsin düzgün, səmərəli təşkilinin müəllimin elmi səviyyəsi ilə yanaşı, eyni zamanda praktik hazırlığından da asılı olduğunu bildirib. R.Tağıyev pedaqoji təcrübənin müəllim kadrlarının bu peşəyə layiqlilik dərəcəsi və səviyyəsini üzə çıxaracaq bir fəaliyyət sahəsi və tələbələrdə bacarıq formalaşdıran bir proses olduğunu deyib.

Son illərdə müəllimlərin və rəhbər pedaqoji işçilərin işə qəbulu sahəsindəki müsbət təcrübədən bəhs edən İdarə müdiri bütün bunların müəllimlik ixtisasını seçmiş gənclərə əlavə stimul verdiyini söyləyib.

Konfransda 57 nömrəli tam orta məktəbin direktoru Gülnarə Cəfərova, 83 nömrəli məktəb-liseyin direktoru Nəbi Mahmudov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nəsimi rayon şöbəsinin Sosial yardım və sosial müavinətlər sektorunun müdiri Elşən Dadaşov, ADPU-nun elmi işçisi Zülfiyyə Vəliyeva çıxış edərək ADPU-nun tələbələrinin yüksək bilik və bacarığa, müasir dünyagörüşünə malik olduqlarını, müasir informasiya-kommunikasiya texnologiyalarını yaxşı bildiklərini vurğulayıb, faydalı əməkdaşlığa görə ADPU-nun və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinə təşəkkür ediblər.

Konfransda çıxış edən ADPU-nun rektoru Cəfər Cəfərov pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrinin tədris planlarında pedaqoji təcrübəyə xüsusi yer verildiyini diqqətə çatdırıb. Çıxışı zamanı rektor universiteti bitirən tələbələrin gələcəkdə yüksək ixtisaslı mütəxəssis, faydalı və ləyaqətli vətəndaş olacağına inandığını deyib. Tələbələrə təcrübə müddətində yaratdıqları əlverişli şəraitə görə əməyi keçən hər kəsə təşəkkürünü bildirib və gələcək müəllimlərə uğurlar arzulayıb.
R.Mehdiyeva
Xəbəri paylaş