Newscenter.az.3.06.2019. “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi
“1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”adlı tədbir keçirib.
Newscenter.az xəbər verir ki, tədbir ictimai birliyin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş və girov götürülmüş uşaqların hüquqlarının müdafiəsinə həsr olunmuş tədbirlərin keçirilməsi” mövzusunda layihəsi çərçivəsində həyata keçirilib.
Layihənin məqsədi işgəncə və zorakılıqlara məruz qaldıqdan sonra azad edilmiş, itkin düşmüş, həmçinin şahid ifadələrinə əsasən girov götürülmüş, hələ də qaytarılmayan uşaqların hüquqlarını müdafiə etmək üçün problemi gündəmdə saxlamaq və beynəlxalq təşkilatlara çatdırmaqdır.
Qeyd edək ki, erməni girovluğundan azad edilmiş 1477 nəfərin 224-ü girov götürülən zaman uşaq olub.
Münaqişə zamanı itkin düşmüş hesab olunan 3888nəfərin 67-si uşaqdır.
Şahid ifadələrinə əsasən, girov götürülməsi sübut olunmuş 871nəfərin 29-u uşaqlardır.
Erməni tərəfi ərazilərimizi işğal edən zaman girov götürdüyü uşaqlara qarşı 10 dekabr 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul olunmuş “İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə”nin 2, 3, 5, 9 və 17-ci maddələri, 14 dekabr 1974-cü ildə qəbul olunmuş “Hərbi Münaqişələr və Fövqəladə Hallar Zamanı Qadın və Uşaqların Müdafiəsi Haqqında Bəyannamə”nin, 9 dekabr 1948-ci ildə qəbul olunmuş “Soyqırım Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiya”nın tələbləri, 12 avqust 1949-cu il tarixli "Müharibə zamanı mülki əhalinin qorunması haqqında" Cenevrə Konvensiyaları, 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarına əlavə olunan və beynəlxalq silahlı münaqişə qurbanlarının himayəsinə həsr edilən 8 iyun 1977-ci il tarixli Protokolu ( I Protokol ) IV hissəsinikobud surətdə pozub.
Erməni quldurları tərəfindən uşaqlara qarşı həyata keçirilmiş zorakılıq və vəhşilikləri təbliğ etmək, həmçinin hələ də qaytarılmayan uşaqların xatirəsini yad etmək məqsədi ilə Platin sarayında keçirilmiş “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” adlı tədbirdə günahsız müharibə qurbanları olan - torpaqları və yaxınları ilə bərabər uşaqlıqlarını da itirmiş girovluqdan azad edilmiş şəxslər, onların övladları, itkin düşmüş hesab olunan və hələ də girovluqda qalan azyaşlıların ailələrində böyüyən qaçqın və məcburi köçkün uşaqlar iştirak ediblər. Girovluqdan azad edilmiş uşaqların (təbii ki, onlar artıq uşaq deyillər) övladları və əsir-itkin düşmüş soydaşlarımızın ailələrində böyüyən uşaqlar maraqlı bədii proqramla çıxış edib, mahnılar oxuyub, şerlər söyləyib, rəqs ediblər. Günahsız müharibə qurbanlarını öz maraqlı musiqi proqramı ilə Bakı şəhəri, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin uşaqları təbrik edib, sevindiriblər.
Azyaşlı ikən ermənilər tərəfindən girov götürülmüş şəxslər keçirdikləri ağır və məşəqqətli uşaqlıqlarından, erməni vəhşilərinin onlara və onların gözləri qarşısında ailə üzvlərinə, həmçinin yaxınlarına verdikləri ağlasığmaz işgəncələrdən,törətdikləri qəddarlıqlardan ürək ağrısı ilə danışıb, uşaqlara onların yaşadıqları həyatı arzulamadıqlarını bildiriblər.
Bayramın sonunda uşaqlara hədiyyələr paylanılıb.
Tədbirdə Milli QHT Forumunun vitse-prezidenti, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Ombudsman təsisatının, işğal olunmuş rayonların icra hakimiyyətlərinin nümayəndələri, Binəqədi rayon icra hakimiyyətinin şöbə müdiri, QHT sədrləri və KİV təmsilçiləri iştirak ediblər.
Sonda layihə rəhbəri Esmira Orucova tədbirin keçirilməsində əməyi olanlara - Azərbaycan Respublikası Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına, təşkilati dəstəyə görə Resant Grupun rəhbərliyinə, art direktoru Gülüstan Məmmədovaya və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinindirektoru Lalə Qətiyə təşəkkür edib.