Newscenter.az.7.06.2019. “Deyəsən hörmətli Əli Kərimli TV xəbərlərində Çexiyada baş verənləri görüb və gördüklərindən özünü saxlaya bilməyib vəcdə gəlib”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O, qeyd edib ki, Əli Kərimli fürsətdən istifadə edib Feysbuk hesabında dərhal bir status da yazıb:
“Bir neçə min sıravi çexlərin mitinq etməsindən riqqətə gələn Əli bəy sevincəkliyini belə dilə gətirib: "Hətta çexlər də köhnəlmiş üsullarla mübarizə aparıb, mitinq edirlər". AXCP lideri daha sonra yazıb: "Etiraf edirəm ki, xəyalımda Azərbaycanı tez-tez məhz Çexiya ilə müqayisə edirəm. Əhalisi də (10.6 milyon nəfər), ərazisi də (78,8 min kvadrat kilometr) təxminən bizim qədərdir. Çexiya bizim üçün can atılacaq hədəf ola bilər. Ancaq gərək biz də millət olaraq çexlər kimi taleyimizə sahib çıxmağı bacaraq". Gördüyünüz kimi AXCP sədri bir siyasi lider kimi bacarıqsızlığını etiraf etmək əvəzinə, növbəti dəfə milləti günahlandırıb. Onun qüsurlu məntiqinə görə, guya millətimiz çexlərdən fərqli olaraq öz taleyinə sahib çıxa bilmir. Heç şübhəsiz ki, Əli Kərimli millətin öz taleyinə sahib çıxmaqlığını onu hakimiyyətə gətirməsində görür. Millət Ə.Kərimlini hakimiyyətə gətirərsə, deməli, avtomatik olaraq öz taleyinə sahib çıxmış sayılacaq. Gülməli məntiqdir, deyilmi?”
DADP sədri qeyd edib ki, bütün bunlar Əli Kərimlinin yuxularında gördüyü röyalar, xəyallardır:
“Biz onun yuxularına qarışa bilmərik. Adam yuxu görməkdə azaddır. Amma yuxudan ayılandan sonra hər dəfəsində xalqı, milləti günahlandırması isə heç yaxşı iş deyil”