Newscenter.az.8.06.2019. 7 İyun Ümumdünya Qida Təhlükəsizliyi Günü münasibəti ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Aqrar Ticarət Şirkətində (DATŞ) görüş keçirilib.
Newscenter.az xəbər verir ki, görüşdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nümayəndələri, eləcə də DATŞ-ın “Kənddən Şəhərə” layihəsi çərçivəsində əməkdaşlıq etdiyi qida istehsalçıları iştirak edib.
DATŞ-ın nümayəndəsi Röyal Şirinov bu günün əhəmiyyətindən danışıb, Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumların qida təhlükəsizliyi mövzusunda fermer və qida istehsalçıları arasında mütəmadi olaraq maarifləndirmə işini həyata keçirdiyini bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 aprel 2019-cu il tarixli fərmanı ilə "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiqləndiyini xatırladan Röyal Şirinov hər bir qida istehsalçısını əhalinin təhlükəsiz və keyfiyyətli qida ilə təminatı istiqamətində fəal olmağa çağırıb.
Daha sonra DATŞ nümayəndəsi Vahid Məmmədov “Qida təhlükəsizliyi və keyfiyyətin idarə olunması” mövzusunda təqdimatla çıxış edib.
Görüş iştirakçıları qida təhlükəsizliyinə daha çox diqqət ayrılması üçün Ümumdünya Qida Təhlükəsizliyi Gününün xüsusi qeyd edilməsini gələcək nəsillərin sağlamlığı və genefondun qorunmasında xüsusi əhəmiyyət kəsb edən mühüm bir hadisə kimi qiymətləndiriblər.
Qeyd edək ki, Ümumdünya Qida Təhlükəsizliyi Günü Birləşmiş Millətlər Təşkilatının 20 dekabr 2018-ci il tarixli qərarı ilə təsis edilib. Bu il ilk dəfə keçirilən "Ümumdünya Qida Təhlükəsizliyi Günü” dünyanın diqqətini qida təhlükəsizliyi mövzusuna çəkmək üçün "Qida təhlükəsizliyinə görə hər kəs məsuliyyət daşıyır” şüarı ilə keçirilir.