Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirilib-VIDEO

Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirilib-VIDEO


Newscenter.az.11.06.2019. Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar ilə Naxçıvanda görüşüb. Newscenter.az nazirliyə istinadən xəbər verir ki, Türkiyə Respublikasının Milli Müdafiə nazirinin Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusunun Qərargah binasının qarşısında rəsmi qarşılanma mərasimi keçirilib. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Müdafiə naziri qonaqları salamlayaraq Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və ölkələrimizin maraqlarına cavab verdiyini vurğulayıb.

General-polkovnik Z.Həsənov xüsusi qeyd edib ki, Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində Türkiyə ilə əməkdaşlığı genişləndirir və bu, regiondakı sabitliyi təmin edən əsas amillərdəndir.

Türkiyəli nazir də öz növbəsində ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin, o cümlədən səmərəli əməkdaşlıq səviyyəsindən məmnunluğunu ifadə edib. Qonaq hər iki ölkənin müxtəlif qoşun növlərinin iştirakı ilə keçirilən birgə hərbi təlimlərin, hərbi mütəxəssislərinin qarşılıqlı səfərlərinin, görüşlərinin əhəmiyyətindən danışıb.

Tərəflər Naxçıvanda keçirilən “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimində əldə olunan nəticələri yüksək qiymətləndirərək bu cür təlimlərin vacibliyini vurğulayıblar.
Görüşdə regional və qarşılıqlı əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.
Xəbəri paylaş