Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

15 iyundan başlanan yol

15 iyundan başlanan yol


Newscenter.az.13.06.2019. 15 iyun 1993-cü il ikinci müstəqil Azərbaycanın, müstəqil dövlətçiliyimizin tarixinə qızıl və silinməz hərflərlə həkk olundu. Bu tarixi yaradan Azərbaycan xalqı və onun böyük oğlu, tarixi şəxsiyyət Heydər Əliyev oldu. Məhz Azərbaycan xalqının israrlı və təkidli tələblərindən sonra Ulu Öndər Naxçıvandan Bakıya gəldi və Milli Məclisin sədri seçilərək, Azərbaycanı qaranlıqdan aydınlığa çıxardı. 15 iyundan cəmi 9 gün sonra, 24 iyun tarixində həm də prezident səlahiyyətlərinin icrasına başlayan böyük şəxsiyyət ikinci müstəqil Azərbaycanın yeni tarixini yazdı, yeni mərhələsini, yeni inkişaf, quruculuq dönəmini başlatdı.
15 iyundan başlanan yol

Ümummilli Liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan xalqı böyük bəlalardan qurtuldu. Ölkəmiz parçalanmaq, bölünmək, dağılmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas oldu. 4 iyun hərbi qiyamını, ölkədəki xaosu, anarxiyanı fürsət bilib ölkənin Cənubunda “Talış Muğan Respublikası”, ölkənin Şimalında “Ləzgistan Respublikası” qurmaq istəyən separatçı, anti-Azərbaycan dairələrinin məkrli planlarının qarşısı alındı. Özü də məhz Heydər Əliyevin müdrikliyi, uzaqgörənləyi və həmin bölgənin insanlarının qətiyyəti, Azərbaycana bağlılığı, sevgisi sayəsində bu planlar fiaskoya, məğlubiyyətə uğradıldı, onları ssenariləşdirilərin arzuları birdəfəlik gözlərində qoyuldu.

Ulu Öndərin həyata keçirdiyi mühüm işlər nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, dünyada tanınmağa başladı, imzasını imzalar işində tanıtdırdı. Əgər həmin ağır dövrdə Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, Azərbaycan xalqının başına dəhşətli faciələr gələcəkdi. Lakin Heydər Əliyevin hakimiyyətə gəlməsi və həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycan üzləşdiyi böyük bəlalardan qurtuldu və dövlət quruculuğu istiqamətində əhəmiyyətli işlər həyata keçirilməyə başlandı.
Həyatını daim Azərbaycana və Azərbaycan xalqına həsr edən Ulu Öndər özünün də qeyd etdiyi kimi, ömrünün qalan hissəsini də öz xalqına həsr etdi, xilaskarlıq missiyasını öz üzərinə götürdü və onu şərəflə, ləyaqətlə yerinə yetirdi. Heç təsadüfi deyil ki, bu gün bütün sahələrdə Ümummilli Liderin əməyi özünü göstərir. Ümummilli Liderin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərin həddi-hüdudu yoxdur, lakin onun fəaliyyətinin zirvəsi məhz müstəqil Azərbaycan dövlətini qurmasıdır.
15 iyundan başlanan yol

Ulu Öndərin qayıdışından sonra siyasi sabitlik bərpa olunmaqla yanaşı, ölkə iqtisadiyyatı da inkişaf yoluna qədəm qoydu. İqtisadiyyat tənəzzül etdiyi bir vaxtda Heydər Əliyev belə bir devizlə çıxış etdi: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”.

Həmin dövrdə Ulu Öndər Azərbaycanın inkişaf perspektivlərini çox dəqiq şəkildə müəyyənləşdirdi. Heydər Əliyev ölkəmizin gələcəyinin, dövlətimizin inkişafının məhz iqtisadiyyatın inkişafından asılı olduğunu önə çəkirdi. Heydər Əliyev iqtisadiyyatı çox dərindən təhlil etməyi, proqnozlaşdırmağı və bütün potensialları işə salmağı bacarırdı. Bu istiqamətdə də ən önəmli və ən müdrik addımlardan biri uğurlu neft strategiyasına start verilməsi və 1994-cü ilin 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanması oldu.
Məhz Heydər Əliyevin qətiyyəti, əyilməzliyi, sınmazlığı, siyasi iradəsi sayəsində baş tutan “Əsrin müqaviləsi” ilə Azərbaycanın bütün sahələrdə inkişafının əsası qoyuldu. Bu gün fəxr və böyük qürur hissi keçiririk ki, Azərbaycan uğurlu neft, enerji siyasəti ilə dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas aktorlardan birinə çevrilib.
15 iyundan başlanan yol

Eyni zamanda, Ümummilli Liderin siyasəti bu gün ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan dövlət başçısının yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində dünyanın sayılıb-seçilən ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib. Azərbaycan dünyanın milli və dini tolerantlıq mərkəzinə, siyasi, iqtisadi, mədəni, diplomatik, hərbi, humanitar dialoq məkanına çevrilməyi bacarıb. Elə bir neçə gün öncə UEFA Avropa Liqasının final qarşılaşmasına layiqincə və çox uğurla ev sahibliyi etməsi Azərbaycanın 15 iyundan bu yana 26 il ərzində nə qədər böyük inkişaf yolu keçdiyinə, dünya dövlətləri arasında sayılıb-seçildiyinə əyani sübutdur.

Bəli, bu yöndə misalları artırmaq da olar, amma məşhur atalar məsəlimizdə deyildiyi kimi, görünən kəndə kəndxuda nə lazım?! Hər şey göz öz önündədir. Dünyada müstəqil, demokratik, modern və model bir Azərbaycan var. Bu Azərbayacanın yaradıcısı və qurucusu isə 15 iyun 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtmaqla Azərbaycanı nura, aydınlığa qərq edən Heydər Əliyevdir.
15 iyundan başlanan yol

Bir daha bu əlamətdar günlərdə böyük şəxsiyyəti hörmət, ehtiram və minnətdarlıqla yad edir, anır və deyirik ki, nə yaxşı ki, Azərbaycanımız var, nə yaxşı ki, Heydər Əliyev kimi qurucu Atamız var, nə yaxşı ki, onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev var. Allah Heydər Əliyevin ruhunu şad etsin, müstəqil Azərbaycanımızı və dövlət rəhbərimizi qorusun!

Kamilə Əliyeva,
Millət vəkili, BDU-nun professoru
Xəbəri paylaş