Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir keçirilib

 “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir keçirilib


Newscenter.az.13.06.2019. İyunun 13-də Goranboy rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Xocalı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir keçirilib.

Newscenter.az-a Dini Komitədən bildirilib ki, məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, "Həyat bilgisi" fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi seminar-treninqi giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiə Qarayeva respublikamızdakı dini durumla bağlı sabitliyin qorunub-saxlanılması istiqamətində Dövlət Komitəsi tərəfindən görülən işləri, xüsusilə respublikanı əhatə edən genişmiqyaslı maarifləndirmə tədbirlərini yüksək qiymətləndirib. O bildirib ki, ölkə başçısı İlham Əliyev tərəfindən dini icmalara göstərilən qayğı, onların fəaliyyəti üçün daim geniş imkanların yaradılması dövlətin milli-mənəvi dəyərlərə olan yüksək münasibətinin bariz nümunəsidir.

Daha sonra çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov vurğulayıb ki, hansısa cəmiyyətdə təhsil və dini biliklər paralel şəkildə insanlara çatdırılmırsa, xurafatın yayılması qaçılmazdır. Yad dini ideologiyaların təsiri altına düşənlərin dini bilgilərinin zəif olması ehtimalının böyük olduğunu deyən G. İsmayılov bildirib ki, bu baxımdan gənclərə dinlər haqqında ümumi məlumatların verilməsi, müqəddəs kitabların mahiyyətinin izah edilməsi olduqca vacibdir. Sədr müavini dini-mənəvi biliklərin düzgün aşılanması və mahiyyətinin dərk edilməsi mövzusunun gənclər üçün xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Maarifləndirmə məqsədi ilə keçirilən silsilə tədbirlərin davam etdirilməsinin zəruriliyini də qeyd edən G.İsmayılov deyib ki, ibadətlə yanaşı, birliyə və həmrəyliyə böyük önəm verən İslamın vəhdət və qardaşlıq dini kimi xarakterizə olunması təsadüfi deyil. DQİDK-nın sədr müavini vurğulayıb ki, dinimizin əsas məqsədlərində biri də cəmiyyət, dövlət və ailə üçün faydalı olan, həmrəylik naminə toplumun ayrılmaz hissəsinə çevrilən nümunəvi vətəndaş formalaşdırmaqdır.

Seminar-treninq iyunun 14-də öz işini müzakirələrlə davam etdirəcəkdir.
Xəbəri paylaş