Newscenter.az.13.06.2019. Hazırda ABŞ-da yaşayan keçmiş jurnalist Sevinc Osmanqızı “Reallıq.info” saytının baş redaktoru İkram Rəhimovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi üzrə təqsirli bilinərək həbs edilməsini özünəməxsus “arqument”lərlə şərh edib, bu kimi qanunazidd fəaliyyətlərə haqq qazandırmağa çalışıb. Eyni zamanda İ.Rəhimovun konkret cinayət əməlinə görə azadlıqdan məhrum edilməsinə baxmayaraq, məsələni siyasiləşdirməyə, hətta Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla əlaqələndirməyə cəhd edərək, növbəti dəfə özünü ifşa edib”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov səsləndirib. PA rəsmisi hesab edir ki, ola bilsin Sevinc Osmanqızı ilə İkram Rəhimovun və digər “reket” jurnalistlərin media fəaliyyətlərinin təməl prinsipləri arasında mühüm oxşarlıqlar var:
“Ona görə də onlar arasında həmrəylik mövcuddur. Bu başadüşüləndir. Amma S.Osmanqızı anlamalıdır ki, peşə mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı qanun qarşısında eyni dərəcədə məsuliyyət daşıyır. İ.Rəhimova “siyasi məhbus” donu geydirməyə çalışan xanım jurnalistdən soruşmaq istəyirəm. Hər hansı bir jurnalistin illər uzunu “reket” informasiya saytları yaradıb, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması, ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, cinayət məsuliyyətinə cəlb ediləcəyini hiss etdiyi anda isə özünü sığortalamaq və həbsinə siyasi çalar vermək məqsədilə yüksək ranqlı dövlət məmuru haqqında böhtan xarekterli yazı yazması nə zamandan bəri siyasi fəaliyyət hesab edilib? Sizin siyasi fəaliyyət anlayışınız budurmu? Axı bu kimi əməllər nəticəsində neçə-neçə Azərbaycan vətəndaşı şantajla üzləşib, onların haqları tapdalanıb, şəxsi həyatlarının toxunulmazlıqlarına müdaxilələr edilib. Baxmayaraq ki, S.Osmanqızı şəxsi həyatın toxunulmazlığı haqqında emosional çıxışlar edir, amma elə burada fərq ortaya çıxır, xanım “Youtuber” ancaq özü üçün təminat istəyir, Azərbaycan höküməti isə bütün vətəndaşlarının hüquqlarının qorunması ilə məşğul olur. Hər bir ölkədə olduğu kimi, bizdə də ayrı-ayrı vətəndaşların peşə mənsubiyyətinin gətirdiyi üstünlüklərdən faydalanaraq, digər vətəndaşları şantaj etmələri, ifşa olunduqda isə “siyasi məhbus” illüziyası yaratmağa cəhd etmələri və bu kimi çirkin niyyətlər uçun mətbuatdan istifadəyə cəhd etmələri yolverilməzdir. Burada qeyri-adi heç nə yoxdur. S. Osmanqızının stəkanda fırtına yaratmaq cəhdləri isə özünütəsdiq naminə edilən naümid çırpınışlardır”.
Sonda Bəhruz Həsənov qeyd edib ki, jurnalistika ciddi və şərəfli peşədir və yaxşı olardı ki, bu peşə ilə yalnız layiqli insanlar məşğul olsunlar.