Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İctimai nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

İctimai nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib


Newscenter.az.18.06.2019.
Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Beynəlxalq İctimai Nəqliyyat Birliyinin Baş Katibi Mohamed Mezghani ilə görüşüb. BNA-dan Newscenter.az-a bildirilib ki, İdarə Heyətinin sədri mötəbər beynəlxalq tədbirə dəvət üçün cənab M.Mezghaniyə təşəkkür edib. Bakı Nəqliyyat Agentliyinin dünya üzrə 200-dən çox şəhər nəqliyyatına məsul qurumları özündə birləşdirən UITP-yə üzv qəbul edilməsinin əhəmiyyəti vurğulanıb. Ötən il noyabrın 23-də UITP-nin baş katibliyinə seçkilər zamanı Mohamed Mezghanin namizədliyinin Bakı Nəqliyyat Agentliyi tərəfindən də dəstəkləməsi məmnunluqla xatırlanıb. Beynəlxalq qurumla əməkdaşlıq əlaqələrinin sürətlə inkişaf etdiyi diqqətə çatdırılıb. Bu ilin əvvəlində UITP-nin “İctimai Nəqliyyat Dünyası” adlı jurnalının növbəti sayında BNA-nın Bakı şəhərinin yol nəqliyyat sisteminin inkişafı istiqamətindəki fəaliyyətindən bəhs edən məqalənin dərc edilməsinin bu əməkdaşılığın təzahürü kimi dəyərləndirilib.

Görüşdə BNA-nın fəaliyyətə başlamasından sonra nəqliyyat infrastrukturunun və şəhər nəqliyyatı işinin daha da yaxşılaşdırılması, o cümlədən, ictimai nəqliyyatın tənzimlənməsi, marşrut şəbəkəsinin optimallaşdırılması, nəqliyyat sahəsində xüsusi idarəetmə modelinin formalaşdırılması ilə bağlı yeni çağırışlara uyğun görülən və nəzərdə tutulan işlər barədə məlumat verilib. Xüsusi olaraq vurğulanıb ki, hazırda sərnişindaşımada 300 ədəd sıxılmış təbii qazla (CNG) işləyən və ətrafı çirkləndirməyən, komfortlu "İVECO" markalı avtobuslar istismar edilir, nağdsız ödəniş sistemi tətbiqinə başlanılıb, avtobus parkları yenilənir, xüsusi avtobus zolaqları təşkil edilir, nəqliyyat mübadilə mərkəzləri fəaliyyət göstərir. Yaxın vaxtlarda paytaxta daha 300 yeni nəsil Avro 6 standartlarına cavab verən "BMC" markalı avtobusların gətirilməsi müsbət hal kimi dəyərləndirilib. 2022-ci ildən Bakı şəhərinin ictimai nəqliyyat şəbəkəsində yalnız sıxılmış təbii qaz (CNG) və ya elektrik mühərriklə işləyən (Hybrid) avtobusların istismar edilməsinin əsas hədəf istiqamətlərində olduğu qeyd edilib. Ümumilikdə əsas məqsəd, vətəndaşlarımıza ekoloji baxımdan təmiz, keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətinin göstərilməsinə nail olmaqdır. Bildirilib ki, bununla bağlı bütün daşıyıcılara müvafiq tapşırıqlar verilib. O da vurğulanıb ki, ümumilikdə görülən işlər Bakıda stabil və dayanıqlı nəqliyyat sistemin inkişafına xidmət edir. Şəxsi nəqliyyat vasitələrinin şəhər mərkəzində hərəkətini azaltmaqla, Bakını daha çox piyada yönümlü bir şəhərə çevirmək üçün böyük səylər göstərilir.

Görüşdə, həmçinin, UITP və BNA arasındakı mövcud və gələcək əməkdaşlıq perspektivləri, cari ilin noyabr ayında Bakıda keçirilməsi nəzərdə tutulan UITP seminarı, BNA əməkdaşlarının bilik və bacarıqlarını artırmaq üçün mübadilə səfərlərinin təşkil edilməsi, ictimai nəqliyyat sahəsindəki qlobal trendlər və müasir metodologiyaların tətbiqi, UITP databazasına giriş və araşdırma aparmaq üçün imkanların yaradılması və s. məsələlər müzakirə edilib.

Vüsal Kərimli İVECO France şirkətinin rəhbəri Stephane Espinasse ilə də görüşüb. Bakıda istifadə olunan İVECO markalı avtobusların cari vəziyyəti, onlara göstərilən texniki xidmətin yüksəldilməsi, İVECO ilə BNA arasında gələcək əməkdaşlıq imkanları barəsində fikir mübadiləsi aparılıb.

UITP-nin Üzvlük, Marketinq və Xidmətlər üzrə direktoru Kaan Yıldızgöz ilə görüşdə isə gələcəkdə Azərbaycanın UITP tərəfindən təşkil edilən təlimlər sahəsində regional mərkəz olması perspektivləri, Bakıdakı Sürücü Təlim Mərkəzinin beynəlxalq nəqliyyat təlimlərinin keçirilməsində mümkün rolu və təcrübə mübadiləsi barədə danışıqlar aparılıb.
Anar
Xəbəri paylaş