Newscenter.az.28.06.2019. Paytaxt müəllimləri üçün “İnklüziv sinifdə təlimin təşkili” mövzusunda ixtisasartırma təlimləri keçirilib.
Newscenter.az xəbər verir ki, təlimlər Təhsil Nazirliyi və BMTİ-nin Uşaq Fondunun (YUNİSEF) birgə əməkdaşlığı çərçivəsində reallaşdırılıb.
İxtisasartırma təlimlərinə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə fəaliyyət göstərən 500-ə yaxın ibtidai sinif müəllimi cəlb olunub. Təlimlər hər qrup üzrə 6 gün davam edib. Təlimi uğurla tamamlamış müəllimlər yekun qiymətləndirmədə iştirak edərək sertifikatla təltif olunacaq.
Qeyd edək ki, təlimlərin keçirilməsində əsas məqsəd İnklüziv təhsil sahəsində müəllimlərin əlavə təhsilinin təşkili barədə Təhsil nazirinin əmrinin icrasını təmin etməkdən ibarətdir. İxtisasartırma təlimləri BMT-nin Uşaq Fondu tərəfindən icra edilən “Azərbaycanda əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən “Müəllimlərin inklüziv təhsilə hazırlığının təmin edilməsi” layihələrinin tərkib hissəsidir.
R.Mehdiyeva