Newscenter.az.28.06.2019. Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi Azərbaycan Respublikasında ilk dəfə qara ciyər transplantasiyasını icra etmiş, bu günə qədər 750-dən çox orqan transplantasiyası əməliyyatını uğurla həyata keçirmişdir. Azərbaycanda icra olunan böyrək transplantasiyası əməliyyatlarının 90%-ni də Dr.Mircəlal Kazımi həyata keçirib.
Müasir dünyada orqan köçürülməsi tibbin ən böyük nailiyyətlərindən sayılır. Hazırda dünya üzrə nəql olunan orqanlar - böyrək, qara ciyər, ürək, ağ ciyər, mədəaltı vəzi, nazik bağırsaqdır.
Son illər böyrək çatışmazlığı dünyada çox geniş yayılıb və bu problemdən əziyyət çəkənlərin sayı artmaqda davam edir. Müalicəsi yalnız orqan transplantasiyası yolu ilə mümkün olan xəstəliklər, bütün dünyada olduğu kimi ölkəmizin də vacib səhiyyə problemlərindən birinə çevrilib. Orqan nəqli gözləyən xəstələrin sayı hər gün artmaqda davam edir. Bu gün minlərlə xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələr dializ aparatlarına qoşulmaqla, hər gün böyrək köçürülməsi ümidi ilə yaşayır. Eyni zamanda yüzlərlə insan xroniki qara ciyər xəstəliklərindən əziyyət çəkir və çox təəssüf ki, bu xəstələrin böyük bir qismi donor tapmadan həyatını itirir. Donor gözləyən xəstələrin bir qismi də sağalmaq ümidi ilə xarici ölkələrə üz tutub, çarə axtarırlar.
Bəs hazırda Azərbaycanda orqan transplantasiyası ilə bağlı durum necədir? Xəstələrin bu yolla normal həyata qayıdışı mümkündürmü və bunun üçün ölkə hüdudlarında orqan transplantasiyası əməliyyatlarına götürülən xəstələr hansı fəsadlar yaşayır? Bu və digər suallarla Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru, peşəkar uzman həkim, öz işinin ustası Dr.Mircəlal Kazımiyə müraciət etdik.
- Mircəlal həkim, zəhmət olmasa, orqan transplantasiyasının tarixindən bir qədər məlumat verin. Ölkəmizdə orqan transplantasiyasına nə vaxtdan başlanıb və onun indiki vəziyyəti barədə nə deyə bilərsiniz?
- İlk dəfə orqan transplantasiyası – insandan-insana böyrək transplantasiyası 1933-cü ildə Ukraynada Dr. Voronoy tərəfindən icra olunmuşdur. Bu əməliyyat uğursuzluqla nəticələnmişdi. İlk uğurlu orqan transplantasiyası əməliyyatı isə 1954-cü ildə Çikaqoda Dr. Jozef Murrey tərəfindən icra olunub. Sonra 1963-cü ildə Denver şəhərində Dr. Tomas Darzl tərəfindən qara ciyərin transplantasiyası əməliyyatı həyata keçirilmişdir. Bu uğurlu əməliyyatların ardınca dünya üzrə müxtəlif illərdə böyrəyin, qara ciyərin, ağ ciyərin, mədəaltı vəzinin, nazik bağırsağın, üz nahiyəsinin, ürəyin aşağı və yuxarı ətrafların transplantasiyası əməliyyatları həyata keçirilməyə başlanılmışdır. Demək olar ki, artıq insanlarda düşüncə tərzi dəyişib, onlar buna hazırdırlar.
Bizim ölkəmizdə ilk dəfə orqan transplantasiyası 1971-72-ci illərdə akademik Mirməmməd Cavadzadə tərəfindən icra olunan böyrək transplantasiyası əməliyyatı olmuşdur. Bir müddət sonra bu əməliyyatlar dayandırılmışdır. 1990-cı illərdə Azərbaycan müstəqillik əldə etdikdən sonra prof. Kamal Abdullayevin rəhbərliyi ilə xarici mütəxəssislərin köməyi ilə 20-yə yaxın böyrək transplantasiyası həyata keçirilmişdir və bununla ölkəmiz Orta Asiyada və Qafqazda orqan transplantasiyası intibah dövrünü yaşamağa başladı. İlk dəfə olaraq Azərbaycan Respublikasında mənim rəhbərliyim altında canlıdan-canlıya qara ciyər transplantasiyası əməliyyatı həyata keçirildi. Yəni, Azərbaycanda mən ilk qara ciyər transplantasiyası əməliyyatını icra etdim. 2010-cu ildən etibarən peşəkar komandamız yarandı və azərbaycanlı həkimlərdən ibarət qrup formalaşdı, qrupa Türkiyədə, İngiltərədə,Yaponiyada təhsil almış mütəxəssislər qoşuldu. Nəticə etibarilə sırf azərbaycanlı kadrlardan ibarət olan qrup yaradıldı və aktiv surətdə orqan transplantasiyası əməliyyatlarını icra etməyə başladıq.
Hal-hazırda bizim ölkəmizdə canlı transplantasiya proqramı işləndiyi üçün yalnız canlı qohum donorlardan alınan qara ciyər və böyrək transplantasiyası əməliyyatları icra edilir. 2008-ci ildən sonra isə mən deyərdim ki, Azərbaycanda orqan transplantasiyası dövrü yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu, məhz azərbaycanlı həkimlərin komandaya qoşulması sayəsində baş verdi. Bizim sayəmizdə bu işlər görülməyə başladı. İlk əvvəl orqan transplantasiyası bir neçə səbəbdən qəribə gəlirdi. Birincisi, həkimlərimiz orqan köçürülməsi əməliyyatlarına şübhə ilə yanaşırdılar. Eləcə də, xəstələr əsasən bu məqsədlə xarici ölkələrə gedirdilər, ölkədə həkimlərə, orqan köçürülməsinə inam yox idi.
Çox yaxşı xatırlayıram, Azərbaycanda biz ilk dəfə bu əməliyyatlara başlayandan sonra xəstələrin bizə inamı artdı. Onlar hətta donorlar da tapıb gətirir və sağlamlıqlarını bizə etibar edirdilər. Mən qürur duyuram ki, indi Azərbaycanın tibb tarixində bizə müraciət edən və inanan xəstələr vardır. Bu, şəxsən mənim üçün böyük uğurdur ki, mən Azərbaycan tibb tarixində ilk dəfə qara ciyərin köçürülməsini müvəffəqiyyətlə icra etdim və biz ilk dəfə Azərbaycan həkiminə böyük inamın yaranmasını əldə etdik. Xəstələr artıq transplantasiya əməliyyatı üçün xarici ölkələrə üz tutmurlar. Bu da bizim özümüz və dövlətimiz üçün böyük bir prestij yaradır. Mən hər zaman fəxr edirəm ki, dövlətimizin bizə ayırdığı maddi dəstək hesabına təhsilimizi davam edib vətənimizə qayıtdıq və işimizi həyata keçirməyə başladıq.
- Neçə orqan transplantasiyası əməliyyatı icra etmisiniz? Onların hamısı uğurlu olubmu?
- Bu günə qədər 750-dən artıq orqan transplantasiyası əməliyyatı icra etmişik. Təbii ki, mən təkcə orqan transplantasiyası ilə məşğul deyiləm. Mən həm də ümumi cərraham, ona görə də, ən mürəkkəb sayılan qara ciyər, böyrək, mədəaltı vəzi, öd yolları üzərində aparılan ümumi cərrahi əməliyyatları Mərkəzi Gömrük Hospitalında uğurla icra edirik. Bizə müraciət edən xəstələr arasında ağır vəziyyətdə və gecikmiş fazada xəstəxanaya çatdırılan xəstələr olur. Orqan transplantasiyası əməliyyatı adi bir cərrahi əməliyyat qrupuna aid deyil, o, xəstənin ailəsi və həkimlər tərəfindən xəstəyə yaşamaq üçün verilən bir şansdır. Bu, avtomobilin hər hansı xarab olmuş ehtiyat hissəsinin dəyişdirilməsi deyil. Təsəvvür edin, əməliyyat edirəm, qara ciyəri sirroza uğramış xəstənin hər hansı orqanı tamamilə yerindən sökülüb çıxarılır, onu başqa orqanla əvəz edirik və ya xəstəyə yeni böyrək köçürülür. Xəstə yeni dərmanlar alır, bə dərmanlarla xəstənin bütün orqanizmi dəyişir. Bizim əməliyyat etdiyimiz xəstələr arasında məsələn, qara ciyər transplantasiyası əməliyyatı icra edilmiş xəstələrin 1 il həyatda qalması 85%, 3 il həyatda qalma faizi 72-76, 5 il həyatda qalması isə 65%-dir. Bu çox ciddi rəqəmdir. Böyrək transplantasiyası əməliyyatı icra edilmiş xəstələrin 1 il həyatda qalması 95-98%, yəni əməliyyat olunmuş 100 xəstədən 98-i həyatda qalır, həyatını normal orqanla davam etdirir, 2 il həyatda qalması 88-90%, 5 il həyatda qalması 75-78%-dir. Bu, artıq ciddi bir rəqəmdir və bütün dünyada qəbul olunub. Qara ciyər transplantasiyası proqramımız Avropa qara ciyər transplantasiyası reyestri tərəfindən tanınıb və biz ora üzv qəbul olunmuşuq. Böyrək transplantasiyası əməliyyatlarımız Amerika böyrək transplantasiyası Assosiasiyasının nəticələri ilə uyğundur və biz bununla fəxr edirik .
- Orqan transplantasiyası əməliyyatından sonra xəstələrdə müxtəlif fəsadlar yarana bilərmi?
- Ümumilikdə, orqan transplantasiyası əməliyyatlarında fəsadların olması ehtimalı 20% civarındadır. 100 əməliyyat olunmuş xəstənin 20-sində fəsadlar ola bilər. Bu, xəstənin yaşı, xəstəliyinin müddəti, dərmanların təsirinə reaksiyası, başqa xəstəliklərinin olması və s. ilə əlaqədardır.
- Əməliyyatdan sonra xəstələrlə əlaqə saxlayırsınızmı? Onlara hansı məsləhətləri, tövsiyələri verirsiz?
- Təbii ki. Əməliyyatdan sonrakı müddətdə xəstələr ciddi şəkildə nəzarət altında olmalıdırlar. Onların həkimi yaxın məsafədə yerləşməlidir. Ona görə də, xəstələrin xarici ölkədə əməliyyat olunması onlar üçün bəzi problemlər yaşadır. Çünki kontrollara getmək, gəlmək, analizləri göndərmək, mütəmadi müayinədə olmaq həm fiziki cəhətdən çətindir, həm də maliyyə cəhətindən. Xəstələr əməliyyatdan sonra mütəmadi olaraq ömürboyu xüsusi müayinələrdən keçməlidirlər. Bunu nəzərə alaraq Hospitalda əməliyyat olunan xəstələr həkimlərimiz tərəfindən 24 saat ərzində dəstək ala bilirlər. Bu tərəfdən bizim xəstələr şanslıdırlar.
- Həyata qaytardığınız xəstələr yeni köçürülmüş orqanla normal həyat sürə bilirlərmi? Bu yeni orqanla yaşamaq hansı müddətə hesablanır? Buna mane olan səbəblər varmı və bunları necə aradan qaldırmaq olar?
- Bilirsiniz, orqan köçürülməsi əməliyyatından sonra hər şey öz qaydası ilə getdiyi halda xəstələr normal həyatlarına qayıdırlar. Normal cəmiyyətə, ailələrinə, sosial işlərinə, əmək və əqli fəaliyyətlərinə davam edirlər. Bu xəstələr arasında müxtəlif sahələrdə fəaliyyət göstərən insanlar var. Hətta idmançılarımız var ki, onlar əməliyyatdan sonra idmana qayıda biliblər. Xəstələrimizdən 11 nəfəri əməliyyatdan sonra dünyaya övlad gətiriblər. Transplantasiya olunmuş xəstələr sadəcə unutmamalıdırlar ki, onlara qohumları tərəfindən orqanlar bəxşiş edilib və o əmanəti mütəmadi müayinələrdən keçməklə və dərmal preparatlarını qəbul etməklə, sağlam həyat tərzi aparmaqla həmin orqanı qoruyub saxlamalıdırlar.
- Orqan transplantasiyası üçün donorlar necə axtarılır və xəstə onu hansı müddət ərzində gözləməli olur? Təcili donor lazım olduqda onları necə tapırsınız?
- Bu tək bizi yox, bütün dünyanı maraqlandıran aktual məsələdir. Çünki xəstələrin sayı getdikcə artır, donorların sayı isə xəstələrin sayı ilə tərs mütənasibdir. Hal hazırda yalnız qohum olan canlı donorlardan orqan transplantasiyalarını edirik və düşünürəm ki, yaxın gələcəkdə qanunverilicilkdə orqan transplantasiyası ilə bağlı baş verən dəyişikliklər donorların sayının artmasına imkan verəcək.
- Doktor, maraqlı müsahibəyə görə təşəkkür edirik.
- Əslində, mən Sizə təşəkkür edirəm ki, çox maraqlı və aktual bir məsələyə toxundunuz, bunu mənimlə müzakirə etdiniz. Bu tək bizim üçün deyil, Azərbaycan vətəndaşlarının gələcək sağlamlığı üçün də çox vacibdir. Buna görə dövlətimizin hər zaman səhiyyəmizin prioritet məsələlərindən biri orqan köçürülməsi əməliyyatlarıdır. Ona görə də hazırda Milli Məclis tərəfindən qanun layihəsi işlənilir, orqan transplantasiyası haqqında qanuna dəyişikliklər olacaq.
- Xəstələrimizə tövsiyyəm olacaq ki, istər Azərbaycanda istər xaricdə əməliyyat olunmaq qərarına gələrsə və xəstə həkim seçərkən onu mütləq araşdırmalıdır. Həkim harada təhsil alıb, harada ixtisasını artırıb, bu əməliyyatı etməkdə səlahiyyətlidirmi və s. Unutmayaq ki, bizim bu gün problemimiz yoxdursa, gələcəkdə övladlarımızın heç birində orqan çatışmazlığı problemi olmayacağı təminatı heç birimizdə yoxdur. Ona görə də orqan transplantasiyasına ciddi vaxt ayırmalıyıq, diqqət yetirməliyik. Bu məsələdə Sizin də üzərinizə böyük iş düşür. İnsanları media vasitəsilə maarifləndirmək sizin öhdənizdədir. Bu baxımdan sizə uğurlar arzu edirəm, təşəkkür edirəm, çox sağ olun.