Newscenter.az.02.07.2019. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Qəbələ-Oğuz “KOB Dostu” tərəfindən Oğuz rayonunda sahibkar Sənan Hacıbabayev tərəfindən yaradılmış “Erkam” əmtəə nişanıilə məhsullar istehsal edən tikiş sexinin sənədləşdirilməsinə və mühasibatlığın milli mühasibat uçotu qaydalarına uyğunlaşdırılmasına dəstək göstərilib.
Newscenter.az-a daxil olan məlumata görə, Qəbələ-Oğuz “KOB Dostu” müəssisənin sənədləşdirilməsinə dəstək göstərməklə yanaşı, həm də sahibkarın öz işini Oğuz rayonunda qurmasını təşviq edib. Əvvəllər Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Sənan Hacıbabayev “KOB Dostu”nun təşviqi və dəstəyi ilə Oğuz rayonunun Xaçmaz qəsəbəsində 22 qadının çalışdığı tikiş sexini yaradıb. Bununla da dövlət-özəl tərəfdaşlığı çərçivəsində regionda sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yeni müəssisənin yaradılmasına və məşğulluğun artırılmasına dəstək göstərilib.
Məlumat üçün qeyd edək ki, Agentliyin ölkənin 13 şəhər və rayonunda fəaliyyət göstərən “KOB Dostu” şəbəkəsi vasitəsilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinə biznesə başlanması, mövcud sahibkarlıq fəaliyyətinin idarə edilməsi və innovativ üsullarla genişləndirilməsi üçün informasiya, məsləhət, təlim-tədris, hüquqi yardım, digər dövlət strukturları ilə əlaqələndirmə, sahibkarların hüquqlarının qorunması istiqamətlərində dəstəklər göstərilir. Bu istiqamətlər üzrə KOB-lar Bakı şəhəri və regionlarda fəaliyyət göstərən KOB dostlarına müraciət edə bilərlər.