Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dini Komitədə Amerikadan gələn nümayəndə heyəti ilə görüş keçirilib

Dini Komitədə Amerikadan gələn nümayəndə heyəti ilə görüş keçirilib


Newscenter.az.8.07.2019. İyulun 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ABŞ-ın Kaliforniya ştatında yerləşən Sinay sinaqoqunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

Newscenter.az-a bildirilib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı qonaqları salamlayaraq ölkədəki dini durum haqqında ətraflı məlumat verib, tolerantlığın və multikulturalizmin ölkəmizdə çox möhkəm təməl sütunlarının, zəngin tarixi ənənələrinin olduğunu qeyd edib. 33-ü qeyri-islam olmaqla, 940 dini icmanın dövlət qeydiyyatına alındığını vurğulayan M.Qurbanlı ölkəmizdə əhalinin 96 faizini təşkil edən İslam dini ilə yanaşı, digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. Komitə sədri bildirib ki, Azərbaycanın dünyəvi dövlət olmasına baxmayaraq dini konfessiyalar hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Məscidlərlə yanaşı kilsələr və sinaqoqlar da dövlət tərəfindən təmir və bərpa edilir, yeniləri inşa olunur. Hər il dövlət başçısı tərəfindən dini konfessiyaların fəaliyyətlərinin dəstəklənməsi məqsədilə maddi vəsait ayrılır. Bütün bunlar bir daha göstərir ki, tolerantlıq və multikulturalizm ənənələri ölkəmizdə dövlət siyasəti səviyyəsinə yüksəlib.

Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında danışan Komitə sədri qeyd edib ki, bu münaqişə nəticəsində Ermənistan Azərbaycan torpaqlarını işğal edib, yüz minlərlə azərbaycanlını etnik təmizləməyə, dini zəmində zorakılığa məruz qoyub, tarixi-dini abidələri məhv edib. Azərbaycan həqiqətlərinin ABŞ ictimaiyyətinə çatdırılmasında Sinay sinaqoqunun üzvlərinin iştirak etdiklərini vurğulayan M. Qurbanlı qarşılıqlı əlaqələrin genişlənməsindən məmnun olduğunu ifadə edib.

Nümayəndə heyətinin üzvü Yomtovian Aysak Azərbaycan haqqında geniş məlumata malik olduğunu, multikultural və tolerant mühitin bütün ölkə ərazisində yüksək səviyyədə hökm sürdüyünü, müxtəlif mədəniyyət və dinlərin nümayəndələrinin, etnik azlıqların harmoniya halında, qarşılıqlı hörmət şəraitində yaşadıqlarını bildirib. Sinay sinaqoqunun üzvlərinin dəfələrlə Azərbaycana səfər etdiklərini xatırladan Yomtovian Aysak onların Azərbaycandan çox yüksək təəsüratla geri döndüklərini bildirib, müxtəlifliyin geniş yayıldığı bir dünyada millətlərin və dinlərin birgə yaşamasını təşviq edən Azərbaycan modelinin öz unikallığı ilə seçildiyini vurğulayıb. Azərbaycanın tolerantlıq və multikulturalizmin təşviqi istiqamətində oynadığı nümunəvi rolu xüsusi vurğulayaraq, Azərbaycanla qurulmuş sıx dostluq əlaqələrinə önəm verdiklərini bildirib. Eyni zamanda, ölkəmizdə müxtəlif dinlərin və xalqların dinc birgəyaşayışının, eləcə də uzun əsrlərdən bəri Azərbaycanda mövcud olan yəhudi icmasına göstərilən diqqət və qayğının yüksək səviyyədə olmasının böyük rəğbətlə qarşılandığını vurğulayıb.

Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşdə nümayəndə heyətinin üzvləri səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürlərini bildiriblər.

Görüşün sonunda qonaqlara DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ingilis dilində nəşr etdirdiyi kitablar təqdim edilib.
Xəbəri paylaş