Newscenter.az.8.07.2019. Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da “Cümhuriyyətin 9 şəkli” filmi haqqında məqalə yaradılıb.
Bu barədə Newscenter.az-a MEK-dən məlumat verilib.
Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş “Veysəloğlu” Şirkətlər Qrupunun maliyyə dəstəyi və təşəbbüsü ilə ərsəyə gələn “Cümhuriyyətin 9 şəkli” bədii-sənədli filmində baş rolu Azərbaycan Respublikasının Xalq artisti Rasim Balayev ifa edib.
Filmdə bir insanın taleyində cümhuriyyət dövrünün oynadığı rol təsvir olunub. Burada Azərbaycan kinosunda ilk dəfə olaraq rəngkarlıq nümunələrinin canlanmasından istifadə edilib. Şəkillər vasitəsilə Azərbaycan Xalq Cümhuriyyətinin doqquz fərqli sahədə əldə etdiyi uğurlar təsvir edilir. Baş vermiş tarixi hadisələrə bədii qəhrəmanların vasitəsilə şərhlər verilib.
Filmin vizual mətninin əsas məqsədi bu tarixin tamaşaçıya daha sadə və yığcam dillə çatdırılmasıdır.
İki ildə dövlət quruculuğu prosesinin bir çox sahələrə uğurla şaxələnməsi, hüquq-mühafizə, məhkəmə, bank, poçt-teleqraf sistemlərinin yaradılması, ordu quruculuğu və mədəniyyət sahəsində əldə edilmiş nailiyyətlər filmdə xüsusi olaraq vurğulanır.