Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ankara Qərbin bir nömrəli hədəfi halına gəldi

Ankara Qərbin bir nömrəli hədəfi halına gəldi


Newscenter.az.15.07.2019
. Türkiyə Birləşmiş Ştatların təzyiqlərinə rəğmən Rusiyadan S-400 raketlərinin alınmasını reallaşdırdı. İndi hər kəs Vaşinqtonun Ankaraya qarşı cavabının nə olacağı barədə düşünür. Birləşmiş Ştatlar Türkiyənin Rusiyadan S-400 raketlərini almasına adekvat olaraq Ankaraya qarşı hansı təsir vasitələrindən istifadə edəcək? Birləşmiş Ştatlar-Türkiyə-Rusiya üçbucağında cərəyan edən proseslərə diqqət çəkən politoloq Məhəmməd Əsədullazadə deyir ki, bununla iki ölkə strateji hərbi əməkdaşlıq müstəvisində yeni mərhələyə start verdi. Onun sözlərinə görə, bu, həm də Türkiyə ilə NATO arasında soyuq münasibətlərin başlanmasının başlanğıcı oldu:

“Xüsusi olaraq qeyd edim ki, "S-400" ZRK 12-15 İyul arası Türkiyəyə daşınması hərbi çevrilişə cəhd günü ilə üst-üstə düşməsi Qərbə mesajıdı”.

Politoloq qeyd edib ki, NATO -nun Rusiyaya qarşı kəskinləşən siyasi-hərbi doktrinası fonunda Ankaranın Moskva ilə hərbi-texniki əməkdaşlığı Alyansda çatların baş verməsinə və Moskvanın bu təşkilat üzərində psixoloji və siyasi qələbəsinə gətirəcək:

“Türkiyə rəhbərliyi, bu silahları almaqla, Rusiya ilə siyasi müstəvidə yaxınlaşmaqla 2016-il iyul hərbi çevrilişində ona dəstək olan Moskvaya minnətdarlıq və Qərbə qarşı öz dirənişini nümayiş etdirdi. Bununla demək olar ki, Ankara artıq Qərbin bir nömrəli hədəfi halına gəldi. Ümumiyyətlə Türkiyənin bu raket sisteminə ehtiyacı yoxdur. Qərblə normal əməkdaşlıq davam etsəydi, kimdən müdafiə olunacaqdı?”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, hazırda Suriyadan və İraqdan Türkiyəyə havadan heç bir təhlükə yoxdur:

“Yunanıstanla da NATO-da hərbi müttəfiqdirlər. Görünür Rəcəb Tayyib Ərdoğa Qərbdən uzaqlaşmaq kursu həyata keçirməklə Rusiyadan bu silahları idxal etməklə, NATO və ABŞ-dan müdafiə olunmağı planlayır. Təbii ki, AKP-nin bu siyasəti öz şəxsi hakimiyyətləri üçün ölkənin milli təhlükəsizliyini riskə atmaq deməkdir. Demək olar ki, Ərdoğan bütün ənənəvi müttəfiqləri ilə düşmənçilik prosesindədir. Qərblə çox ciddi şəkildə konfrontrasiyaya gedərək daxili auditoriyanı ələ almaq üçün istifadə edir. Əzəli rəqibi olan Rusiya ilə yaxınlaşmaq kursu götürülüb. Bu geosiyasi nizamda uduşlu Kremldi və NATO-dan Türkiyəni ayırmaqla öz geosiyasi məqsədlərini uğurla həyata keçirir. Türkiyədə 2003-cü ildən hakimiyyətə gələn islamçılar anti-Qərb siyasəti aparmaqla Türkiyəni Qərbin hədəfinə gətirib. Ümumiyyətlə, uzaq vədəli Türkiyə-Rusiya müttəfiqliyi mümkün deyil. 2023-cü ildə Türkiyədə hakimiyyət dəyişikliyi həyata keçiriləndən sonra Ankara yenidən öz ənənəvi müttəfiqləri ilə bir cərgədə yer alacaq. Məhz ABŞ və Avropa 2023-cü ilə kimi ölkə daxilində və xaricində Ərdoğanı zəiflətmək planı həyata keçirəcək”.

Politoloq hesab edir ki, ABŞ və Avropa Türkiyəyə qarşı iqtisadi sanksiyaları işə salarsa, Ərdoğana qarşı etirazlar dalğası başlayacaq:

“Türkiyə-Rusiya əməkdaşlığının inkişafı Qarabağ münaqişəsinin nizamlanmasına heç bir müsbət təsir etməyəcək. Türkiyənin Cənubi Qafqazda rolu zəifləyəcək”.
Xəbəri paylaş