Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fizuli Məmmədovdan Azərbaycan jurnalistlərinə təbrik mesajı



Newscenter.az.22.07.2019. Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədov Milli Mətbuat Günü münasibətilə Azərbaycan jurnalistlərini təbrik edib.

Newscenter.az həmin təbrik mesajını təqdim edir:

Azad söz, azad media hər bir milləti irəli aparan əsas faktorlardandır. Bu gerçəyi dərk edən böyük Həsən Bəy Zərdabi 144 il öncə Azərbaycan mətbuatının əsasını qoymaqla millətimizin gələcəyi üçün bir işıq yandırdı.

XIX yüzilin qatı cəhaləti içərisində, çar Rusiyasının basqıları altında qəzet yaratmaq gerçəkdən böyük cəsarət, güclü iradə tələb edirdi. Həsən bəy Zərdabinin başlatdığı, sonradan digər aydınlarımızın qoşulduğu maarifçilik hərəkatı 50 il sonda millətimizin tarixində müstəqil dövlətin qurulması kimi böyük təntənəyə səbəb oldu. Həmin maarifçilik hərəkatının ziyası sovet işğalı illərində belə bütün çətinliklərə və məhrumiyyətlərə baxmayaraq Azərbaycanın üzərində təsirini saxlaya bildi.

İnformasiya və texnologiyalar əsri adlandırılan XXI yüzildə güclü mediaya sahib olmaq hər bir dövlət üçün prioritetdir. Dünyanın bir çox ölkəsini əhatə edən 30 illik diaspor fəaliyyətimiz medianın çağdaş dünyada necə bir gücə sahib olduğunu bizə dəfələrlə sübut edib. Biz fəaliyyət göstərdiyimiz ölkələrdə Azərbaycanla, millətimizlə bağlı yanlış stereotipləri məhz medianın gücü ilə aradan qaldıra bilmişik. Bu gün Ermənistanla savaş durumunda olan Azərbaycanın öz haqq səsini dünyaya çatdırmaq üçün həm daxildə, həm də xaricdə güclü media quruluşlarına ehtiyacı var və biz Rusiya Azərbaycanlıları İttifaqı, Dünya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları Mədəniyyət Fondu olaraq bu prosesə dəstək verilməsini diaspor fəaliyyətimizin əsası istiqamətlərindən sayırıq.

Azərbaycan mətbuatının yaranmasının 144-cü ili ərəfəsində milli düşüncənin formalaşmasında müstəsna xidmətləri olan böyük aydın Həsən bəy Zərdabini və onun qələmdaşlarını rəhmət və vəfa ilə anır, bu gün Azərbaycanda azad sözün keşiyində duranları, milli mətbuatımızı yaşadanları səmimiyyətlə təbrik edirəm.

Arzu edirəm ki, Azərbaycan mediası hər zaman doğruların yanında olsun və əsasında dayanan ideyaları yaşatmaq missiyasını şərəflə yerinə yetirsin. Bir daha dəyərli qələm əhlini Milli Mətbuat Günü münasibətilə təbrik edir, böyük uğurlar arzulayıram.

Fizuli Məmmədov

Rusiya Azərbaycanlıları İttifaqının Dünya Azərbaycanlıları İttifaqının

Dünya Azərbaycanlıları Mədəniyət Fondunun prezidenti
Xəbəri paylaş