Newscenter.az.23.07.2019. Məni bu statusu yazmağa şərtləndirən bir gün intervalla eyni məzmunda yazılmış iki müraciət məcbur etdi. Şərti olaraq “Analar fəryadı” adlandırsaq hesab edirəm ki, vəziyyətin nə dərəcədə ağrılı olduğunu təsəvvür etmək olar. 2011-ci ildən başlayaraq Yaxın Şərq regionunda baş verən hadisələrlə bağlı Suriyada döyüşmək üçün 900-ə yaxın Azərbaycan vətəndaşı qeyri-qanuni yollarla vətəni tərk etmişdir. Bu insanlar konkret olaraq vətənimiz üçün heç bir siyasi, iqtisadi, dini ideyalara söykənməyən və yaxud dövlət təhlükəsizliyimizə bağlı, əsası olmayan, supergüclərin maraqlarının toqquşduğu müharibədə özləri belə anlamadan bir alətə çevrilmişlər. Bir çoxları həlak olmuş, əsir düşmüş, ən acınacaqlısı isə odur ki, özləri ilə həyat yoldaşlarını və azyaşlı uşaqlarını da aparmışlar. Ailə başçısını itirdikdən sonra cahil radikal islamçıların düşərgələrində bədbəxt qadınların və uşaqların cəhənnəm həyatını illər keçdikcə onların aldığı təlim, tərbiyə, mənimsədiyi dəyərlər normal cəmiyyət üçün nə qədər münasib olduğunu təsəvvür belə etmək çətindir. Mənə elə gəlir ki, bu barədə dərindən düşünmək lazımdır. Yuxarıda qeyd etdiyim müraciətlərin də mövzusu bu məsələlərə aiddir. Ailə başçıları həyat yoldaşlarını aldadaraq Suriyaya aparmış, özləri həlak olmuş, ailələri başlı başına müxtəlif düşərgələrdə imdad diləyir, vətənə qayıtmaq istəyirlər. Bəzilərinin orada dünyaya gələn övladları belə tələf olmuşdur. Bu nəticədir. Gələcəkdə belə halların baş verməməsi üçün səbəbləri araşdırmaq lazımdır. Səbəblər isə 90-cı illərin əvvəllərinə gedib çıxır.
SSRİ-i dağıldıqdan sonra, hələ dövlətçilik ənənələri formalaşmamış keçmiş müttəfiq respublikalarda bütün sahələrdə olduğu kimi ideoloji bir boşluq yaranmışdı. 70 il ərzində kommunistlərin ateist siyasəti iflasa uğramış, xalqların öz milli, dini köklərinə qayıdışı prosesi başlamışdı. Belə bir boşluqlardan istifadə edən çoxsaylı, müxtəlif dini konfessiyalara mənsub olan missionerlər çox məharətlə istifadə etməyə başladılar. Biz o zamanlar Bakı şəhərində, respublikanın bir çox rayonlarında, o cümlədən yaşadığım Balakən rayonunda Ərəb ölkələrindən gəlmiş, uzun saqqallı, bizim üçün qeyri-adi geyim tərzlərində olar “din təbliğatçılarına” tez-tez rast gəlirdik. Onlar əsasən gəncləri, uşaqları müxtəlif məscidlərdə, hücrələrdə və evlərdə toplayaraq dini təbliğat aparır, onlara Qurani-Kərimdən dərs keçirdilər. Eyni zamanda yerli dini adət-ənənələrin əsl islam dininə uyğun olmadığı barədə təbliğat aparır və etiraf etmək lazımdır ki, heç bir dini savadı, təhsili olmayan bəzi gəncləri buna inandıra bilmişdilər. Balakən şəhər Cümə məscidinin dini icması üç qrupa parçalanmışdı. Həmin qruplar nəinki bir-birini qəbul etmir, hətta düşmənçilik münasibəti bəsləyirdilər. Əhali arasında daha çox populyar olan cümə namazları qılınarkən bir qrup digər qrupun imamlığını qəbul etmir və nə qədər paradoksal olsa da bir məscidin daxilində eyni namaz üçün üç ayrı-ayrı şəxs imamlıq edirdi. Beləliklə, çox sürətlə beyinlərin yuyulması prosesi gedirdi. 2000-ci illərin əvvəllərində rayonda dini seporatizmin, vəhabiliyin qarşısının alınmasında çox mühüm işlər görüldü. Yeni dini icma formalaşdırıldı, maariflənmə işləri aparıldı, elmi konfranslar keçirildi, tədbirlər planı hazırlandı və demək olar ki, bu sahədə çox böyük nailiyyətlər əldə olundu. Sonralar, bir çox müsəlman ölkələrində, əsasən Əfqanıstanda, İraqda, Suriyada, Liviyada, Misirdə, Yəməndə, eyni zamanda qonşu Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarında baş verən müharibələrin, dağıdıcı proseslərin nəticəsini, bütöv xalqların hansı faciələrə düçar olduqlarının şahidi olduq. Bütün bunların kökündə əsl islama zidd olan, islam düşmənlərinin yaratdığı vəhabilik və bir çox digər bölücü təriqətçilik dayanır. Demək olar ki, bütün bu dini təşkilarlar din pərdəsi altında insanları cəhalətə, mövhumata, xürafata, əxlaqsızlığa sürükləyir, dini siyasi alver predmetinə çevirirdilər.
Yeri gəlmişkən geniş kütləyə məlum olmayan çox önəmli bir tarixi faktı diqqətinizə çatdırmaq istərdim.
2001-ci ildə ümummilli lider Heydər Əliyevin yanında dini separatizm və digər məsələlərlə bağlı müşavirə keçirilirdi. Müvafiq strukturların rəhbərlərinin məruzəsindən sonra məlum oldu ki, Respublika ərazisində, müxtəlif çadır düşərgələrində xeyriyyə fondları adı altında çoxsaylı xarici vətəndaşlar dini missionerlik fəaliyyəti ilə məşğuldurlar. Ulu öndər çox böyük uzaqgörənliklə, (baxmayaraq ki, o zaman iqtisadiyyatımız kifayət qədər inkişaf etməmişdi, xeyli maliyyə problemləri var idi) qərara aldı ki, hər hansı ziyanlı dini fəaliyyətlə məşğul olan bütün təşkilatların fəaliyyəti dayandırılsın və qaçqınların, məcburi köçkünlərin təminatı tamamilə Azərbaycan dövləti tərəfindən qarşılansın. Bu qərara əsasən 100-dən yuxarı təşkilatın qanunsuz fəaliyyətinə son qoyuldu. Zaman bu qərarın Azərbaycan üçün nə qədər doğru olduğunu sübut etdi. Müqayisə üçün yuxarıda sadaladığım ölkələrdəki proseslərə bir daha nəzər salmaq yerinə düşər. Bircə dənə normal nümunə göstərmək mümkün deyil ki, bu ölkələrdə vəhabiliyin və digər dini təriqətlərin fəaliyyəti nəticəsində insanlar normal yaşayır, təhsil alır, xoşbəxtdirlər. Mümkün deyil Allaha, peyğəmbərə inam, məhəbbət hər bir insanın qəlbində olmalıdır. Bunu göstəriş və yaxud başqalarını öz təsiri altında saxlamaq, siyasi və digər maraqlarını təmin etmək xatirinə olmamalı, şəxsi nümunə ilə sivil, mədəni, ən yüksək əxlaqi keyfiyyətləri özündə əks etdirən həyat qurmalıyıq. Baş kəsmək, adam öldürmək, azyaşlı qız uşaqlarını zorla ərə vermək, ictimai həyatda özünü təsdiq edə bilməyərək evdə, ailədə, hegemonluq etmək islam əxlaqına zidd şeylərdir. Sağlam dini təbliğ hər bir cəmiyyət üçün çox böyük əhəmiyyət kəsb edir. Digər inkişaf etmiş xalqların timsalında yaxşı nümunələr göstərmək olar. Əgər cəmiyyətdə dinin əhəmiyyəti, rolu barədə doğru-düzgün təbliğat aparılsa, inanıram ki, insanlarımız din dəllallarının təsiri altına düşməz, başqa ölkələrə vuruşmağa getməzlər. Nə qədər acınacaqlı olsa da Suriyada müxtəlif silahlı qrupların tərkibində bizim həmvətənlərimiz əks cəbhələrdə bir birlərinə qarşı vuruşmuşlar. Bax bu əsl faciədir. Doğma torpaqlarımız düşmən işğalında olarkən, yad torpaqlar uğrunda vuruşmağın heç bir məntiqi əsası yoxdur. Bunun adı cinayət, terrorçuluğu dəstəkləməkdir. Hər bir valideyn bu haqda düşünməli, övladlarının tərbiyəsi ilə gündəlik və ciddi şəkildə məşğul olmalıdır. Çünki sonrakı peşmançılıq fayda verməz.
Nəsib Məhəməliyev, Milli Məclisin deputatı