Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Komitəsinin sədri Küveytin səfiri ilə görüşüb

Dövlət Komitəsinin sədri Küveytin səfiri ilə görüşüb


Newscenter.az.24.07.2019.
İyulun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Küveyt Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi ilə görüşüb.

Newscenter.az xəbər verir ki, qonağı səmimiyyətlə salamlayan Komitə sədri Azərbaycan və Küveyt arasında dostluq, qardaşlıq əlaqələrinin tarixindən, diplomatik münasibətlərin hazırkı durumundan söz açıb. O bildirib ki, bu gün İslam dünyası beynəlxalq aləmdə özünəməxsus yer tutur, İslam ölkələri İslam Əməkdaşlıq Təşkilatında birləşirlər. İki ölkənin uğurla inkişaf edən münasibətlərinə toxunan Mübariz Qurbanlı vurğulayıb ki, Azərbaycanla Küveyt üzvü olduqları İƏT çərçivəsində və ikitərəfli istiqamətdə yüksək səviyyədə əməkdaşlıq edirlər.

M.Qurbanlı həmçinin dövlət başçısı İlham Əliyevin 2009-cu ildə böyük nümayəndə heyəti ilə Küveytə səfərinin iki ölkə arasında əlaqələrin inkişafına böyük töhfə verdiyini diqqətə çatdırıb.

Küveyt və Azərbaycanın dost ölkələr olduğunu və əlaqələrimizin yüksələn xətt üzrə inkişaf etdiyini qeyd edən səfir Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi qeyd edib ki, qardaş ölkə olaraq Küveyt hər zaman Azərbaycanın mənafeyini müdafiə edib. O bildirib ki, Küveyt dövləti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəni və dini irsin talan və məhv edilməsi siyasətinə qarşı hər zaman ədalətli çağırışlar edib və Azərbaycanın haqq səsini beynəlxalq aləmdə yüksək səviyyədə müdafiə edib.

Səfir qeyd edib ki, ötən illər ərzində ölkələrimiz arasında müxtəlif səviyyələrdə ikitərəfli əlaqələr möhkəmləndirilib, o cümlədən hava əlaqəsi haqqında hökumətlərarası saziş imzalanıb. Bu da ölkələrimizin iqtisadi, ticarət, investisiya qoyuluşu və turizm sahələrində səmərəli əməkdaşlığının daha da möhkəmlənməsinə öz töhfəsini verməkdədir. Səfir ötən il 30 mindən çox Küveyt vətəndaşının ölkəmizə turist səfəri etdiyini deyib.

Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda səfir səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.

Qarşılıqlı maraq doğuran digər məsələlərin də müzakirə edildiyi görüşün sonunda səfirə DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ərəb dilində nəşr etdirdiyi kitablar təqdim edilib.
Xəbəri paylaş