Newscenter.az.24.07.2019. Sabirabadda bostanda yemişin alış qiyməti 10-12 qəpikdir. Fermer deyir ki, sahədən topdan məhsul alanlar, yəni alverçilər Bakıda yemişin 1 kiloqramını 25 qəpikdən saydıqlarını deyərək, 8 ay əziyyət çəkib məhsul yetişdirmiş kəndlidən məhsulu daha ucuz satmağı tələb edirlər.
Newscenter.az xəbər verir ki, bu fikirləri Kənd Təsərrüfatı Nazirliyinin informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov səsləndirib:
"Yəni, alverçi, vasitəçi dediyimiz zümrə o 1-2 qəpiyi də fermerə çox görür. Üstəlik özlərinin yaratdığı bahalığı yazıq fermerin boynuna ataraq, "sahədən baha almışıq, ona görə baha satırıq" deyib kəndlinin günahına girirlər. Bu fotonu Sabirabadın Sərxanbəyli kəndindən cəmi 80 kilometr məsafədə, Bakı-Qazax magistral yolunun kənarında fəaliyyət göstərən marketin qarşısında çəkmişəm. Fermerdən 10 qəpiyə aldıqları yemişi 55 qəpiyə satırlar. Paytaxt supermarketlərində fermerdən 10 qəpiyə alınan yemiş alıcılara 1 manata, manat yarıma satılır. Fermerin əməyinə yazıq".