Newscenter.az.28.07.2019. İyulun 27-də, saat 22:45 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Əhmədalılar kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozmaqla ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitənin gətirilməsinə cəhd edilib.
Newscenter.az-a DSX-dən bildirilib ki, sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində silahlı şəxslərin hərəkəti aşkar olunmuş və qarşısı alınıb.
Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadının qanuni tələbinə və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozucuları tərəfindən sərhəd naryadına qarşı silah tətbiq edilib.
Baş vermiş atışma zamanı sərhəd naryadının üzvü çiyin nahiyəsindən yaralanmışdır. Sərhədçi əsgər dərhal hərbi hospitala təxliyə edilərək əməliyyat olunmuşdur, hazırda vəziyyəti qənaətbəxşdir.
Dövlət sərhədindən narkotik vasitə keçirməyə müvəffəq ola bilməyən sərhəd pozucuları geri qaçmışlar. Ərazidə keçirilmiş axtarış tədbirləri nəticəsində ümumi çəkisi 5 kq 350 qram olan 1 ədəd bağlamada 2 kq 70 qram marixuana, 2 kq 180 qram kokos, 885 qram heroin, 215 qram tiryək aşkar olunub.
Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxsləri əraziyə ezam ediliblər. İran İslam Respublikasının sərhəd nümayəndəsi ilə görüş keçirilmiş, hadisə yerinə birgə baxış keçirilib, aşkar olunmuş narkotik vasitələr və digər əşyalar təqdim olunmuş, sərhəd pozucularının müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunmaları tələb edilib.
Hərbi prokurorluq ilə birlikdə hadisə ilə əlaqədar zəruri tədbirlər görülür. Fakt üzrə cinayət işi başlanılıb.