Newscenter.az.2.08.2019. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Türkiyə Respublikasının nüfuzlu dövlət universitetlərinin magistratura və doktorantura səviyyələrinə qəbul olunan Jurnalistika fakültəsinin məzunlarını qəbul edib.
Newscenter.az-a təhsil ocağından bildirilib ki, Türkiyənin Dövlət Təqaüd Proqramı olan “Türkiyə Bursları” xətti ilə qəbul olunan məzunlarla keçirilən görüşdə rektor elmi yenilikləri dərindən öyrənməyi, əldə etdikləri bilik və bacarıqları artırmağı, müasir düşüncəli gənclər kimi formalaşmağı tövsiyə edib və gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Görüşdə, eyni zamanda, jurnalistika sahəsində ixtisaslaşmalar, tələbələrin ölkənin nüfuzlu media qurumlarında təcrübə keçmələri, tələbə yaradıcılığına geniş yer verilməsi istiqamətində fikir mübadiləsi aparılıb, məzunların təklifləri dinlənilib.
Qeyd edək ki, Jurnalistika fakültəsinin “Beynəlxalq jurnalistika” ixtisaslaşması üzrə magistr məzunu Nurlan Salamov doktorantura pilləsində Ərzurum Atatürk Universiteti Sosial Elmlər İnstitutunun fəlsəfə doktoru proqramına, magistratura pilləsində isə fakültənin bakalavr məzunlarından Ayşən Hüseynova Kocaeli Universitetinə, Həşim Səhrablı İzmir Ege Universitetinin Sosial Elmlər İnstitutuna, Comərd Rüstəmli isə Əskişəhər Anadolu Universitetinə qəbul olunublar.