Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Düşmənin “ox”u kimə yönəlib?



Radikalların hədəfində Prezident və yaxın ətrafı dayanıb

Newscenter.az.2.08.2019.
Azərbaycanın radikal müxalifət düşərgəsi stəkanda fırtına qoparmaq üçün dəridən-qabıqdan çıxır. Müxalifət sosial şəbəkələrin və internet resurslarının imkanlarından istifadə edərək iqtidara, onun aparıcı təmsilçilərinə qarşı söyüş, təhqir, qarayaxma kampaniyası aparmaqla prezident İlham Əliyevin komandasında gərginlik yaratmağa çalışır. Radikalların hədəfə aldığı şəxslərin siyahısında Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov ilk yerlərdən birini tutur. Ümumiyyətlə isə radikallar Prezidentin köməkçilərini hədəfə almaqla bilavasitə Dövlət başçısını hədəfə almış olurlar. Yazının bu hissəsinə müxalifət düşərgəsinə qısaca bir nəzər saldıqdan sonra yenidən qayıdacağıq.

Hazırkı Azərbaycan müxalifətini qruplaşdırsaq onu 4 yerə ayırmaq olar: Birinci qrupa müxalifətin ölkə daxilindəki radikal kəsimi daxildir. Bu kəsim hər şeyi tünd rəngdə görür. Onlar hətta təbiət hadisələri nəticəsində baş verən təbii fəalkətlərdə belə iqtidarı günahlandırıb siyasi xal qazanmaqdan çəkinmir. Bu qrupla dialoq, ümummilli məsələlərdə anlaşma əldə etmək çox çətindir, faktiki olaraq mümkünsüzdür. Radikal müxalifət sosial bazası zəif olduğu üçün saytlarda, sosial şəbəkələrdə iqtidarı, onun ayrı-ayrı nümayəndələrini şantaj və təhqir etməklə məqsədinə nail olmağa çalışır. İkinci qrupa xaricdəki söyüş şəbəkəsini daxil etmək olar. Xarici xüsusi xidmət orqanları tərəfindən idarə olunan və dəstəklənən bu qrup nəinki iqtidarı, nəinki hökuməti, hətta Azərbaycan dövlətini də hədəfə alıb. Onlar dövlətçiliyin əsaslarını sarsıtmağa, sabitliyi pozmağa, ölkə daxilində qarşıdurma yaratmağa və bu üsulla sifariş aldıqları qrupların maraqlarını təmin etməyə çalışırlar. Üçüncü qrupa şəxsi maraqları təmin olunmadığı üçün narazılıq edən, özünü ziyalı, demokrat, vətənpərvər, nüfuzlu şəxs kimi göstərməklə iqtidarı, onun rəsmilərini şantaj yoluyla korporativ maraqlarını təmin etməyə çalışanlar (onlara “şarikovun qohumları”, yaxud da “mızşünaslar” da deyirlər) daxildir. Bu “ziyalılar”ın bütün fəaliyyəti, hay-küyü, çırpıntıları iqtidar nümayəndələrini şantaj etməklə fərdi maraqlarını təmin etdirməkdən ibarətdir. Hansı iqtidar təsmilçisi onları “görürsə” bəxti gətirir, bu “ziyalılar”ın hədəfindən qurtula bilir. Hansı iqtidar nümayəndəsi onları “görmürsə” bax burada həngamə, şantaj başlayır. Dördüncü qrupa müxalifətin konstruktiv kəsimi daxildir. Onlar problemləri gördükdə bunu normal bir şəkildə tənqid edir, həlli üçün cəhdlər göstəririr, təkliflər hazırlayıb müvafiq qurumlara göndərir, qanunun imkan verdiyi bütün imkanlardan yararlanmaqla normal müxalifətçilik edirlər.

Əsasən virtual məkanda müşahidə olunan bu hücum və təhqir kampaniyası eyni zamanda iqtidar nümayəndələrinin və tərəfdarlarının gözünü qorxutmağa istiqamətlənib. Etiraf edək ki, bəzi hallarda radikalların bu taktikası müəyyən nəticələr verir. Belə ki, hakimiyyətin təbliğatını aparmağa məsul olan bəzi millət vəkilləri, məmurlar öz ləkəli keçmişlərindən qorxaraq susmağa üstünlük verirlər. Lakin kimliyi bəlirsiz şəxslər və profillər vasitəsilə söyüş yağdıran radikallar qarşılarında müqavimət görüncə özlərini yığışdırır, tutarlı arqumentlər qarşısında biabırçı məğlubiyyət yaşayırlar. Fərdi maraqlarını təmin etdirmək istəyən “ziyalı” müxalifət (“mızşünas”lar) isə bulanıq suda balıq tutmağa cəhd göstərir. Əli Həsənovu hədəfə almağa, gözdən salma kampaniyası yürütməyə çalışır.

Yazının əvvəlində qeyd etdiyimiz kimi ölkənin ictimai-siyasi durumunun ideoloji əsaslarını müəyyənləşdirən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov radikalların hədəfindədir. Radikallar Əli Həsənovun üzərinə hücum etməklə, onu şantaj və təhqir etməklə istəklərinə nail olmağa çalışırlar. Burada ortaya sual çıxır? Niyə Əli Həsənova qarşı belə hücumlar var? Cavab birdir: Çünki Əli Həsənov radikal qruplara siyasi maraqlarını təmin etməyə mane olur. Çünki Əli Həsənovun fəaliyyəti, çıxışları, məqalələri düz hədəfə dəyir, qarşı tərəfin planlarını ifşa edir.

Qarşı tərəf mühüm bir məqamı da unudur ki, İlham Əliyevin komandası vahid mövqedən çıxış edir, monolitdir və şantajlara təslim olmur. Bu isə onları daha da hövsələdən çıxarır, aqressivləşdirir. Nəticədə onlar dalbadal məğlubiyyətlər seriyası ilə qarşılaşırlar ki, bu da radikalların, özünü “ziyalı” müxalifət (“şarikovun qohumları”) kimi təqdim edən mənfəətpərəstlərin siyasi sonu deməkdir.

Və sonda… Qədim mütəfəkkirlərin yaxşı bir sözü var: Düşmənin oxunun kimə qarşı yönəldiyinə diqqət edin. Ox kimə qarşı yönəlibsə o düzgün adamdır. Məncə hər şey aydındır…

Arzuman Abdulkərimov
Hilal təşkilatının sədri
Xəbəri paylaş