Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Könüllü gömrükçü"lərə "İlk tibbi yardım" üzrə təlim keçirilib



Newscenter.az.6.09.2019. Sentyabrın 6-da Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Könüllü gömrükçü"lərə "İlk tibbi yardım" üzrə təlim keçirilib. Təlimin keçirilməsində məqsəd "Könüllü gömrükçülərə" bədbəxt hadisələr zamanı insanların həyatını xilas etmək üçün həkimə qədər mülki şəxslərin necə yardım edilməsini göstərmək, onların bu sahədəki bilik və bacarıqları artırmaq olub.

Newscenter.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Dövlət Gömrük Komitəsi Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi Vüqar Əliyev bildirib ki, gənclərin potensialından daha səmərəli istifadə etmək, onlara peşə vərdişlərini aşılamaq, təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və inkişaf etdirmək məqsədi ilə Komitə sədri tərəfindən "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) sistemində könüllülük hərakatının inkişafı ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalanıb. İdarə rəisi qeyd edib ki, Prezident İlham Əliyevin tövsiyələrini, könüllülük fəaliyyətinin ictimai, sosial və tərbiyəvi əhəmiyyətini rəhbər tutaraq, DGK-də yaradılan "Könüllü gömrükçü" dəstəsinə ilk dəfə olaraq 131 nəfər könüllü qatılıb. Hazırda könüllü gömrükçülər DGK-nın aidiyyəti üzrə struktur bölmələrində öz fəaliyyətlərini uğurla davam etdirirlər. "Könüllü gömrükçü" dəstəsinin 9 üzvü Komitənin Tibbi Xidməti İdarəsində təcrübə keçdiyini bildirən Vüqar Əliyev bugünkü təlimin DGK-nın digər struktur bölmələrində fəaliyyət göstərən könüllülərə də ilk tibbi yardım göstərilməsinə dair faydalı məlumatlar və praktiki biliklər qazandıracağını əminliyini ifadə edib. İdarə rəisi çıxışının sonunda təlimin təşkilində əməyi keçən DGK Tibbi Xidməti İdarəsinin rəhbərliyinə təşəkkür edib, təlim iştirakçılarına isə uğurlar arzulayıb.

Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin rəis müavini Şahlar Mirqasım çıxışında Mərkəzi Gömrük Hospitalının təcili tibbi yardım xidməti haqqında ətraflı məlumat verib. Şahlar Mirqasım qeyd edib ki, 8 sentyabr Dünya İlk Tibbi Yardım Günü münasibətilə təşkil edilən təlimə Mərkəzi Gömrük Hospitalının Təcili Yardım şöbəsinin və "Up-to-date in medicine Tibbi Konsaltinq" şirkətinin təcrübəli həkimləri cəlb olunub. Bildirilib ki, heç kəs bədbəxt hadisədən sığortalanmayıb və hər birimiz zərərçəkənin yerində ola bilərik, gələcəkdə qarşılaşdığınız hadisələrdə seyrçi yox, yardımçı olmağa çalışmalıyıq.

Daha sonra təlim başlayıb. Təlimçilər-Tibbi Xidmət İdarəsinin Təcili Yardım şöbəsinin həkimi Cavad Cabarov və "Up-to-date in medicine Tibbi Konsaltinq" şirkətinin layihə rəhbəri Nabil Seyidov ilk tibbi yardım nədir, böyüklərdə ilk tibbi yardım, yanıqlar və travmalar, qanaxmalar və şok haqqında məlumatlar veriblər.

İnteraktiv keçən təlimin sonunda "Könüllü gömrükçülər" öyrəndikləri bilikləri təcrübədə tətbiq etmək imkanı əldə ediblər. Onları ilk tibbi yardımla bağlı maraqlandıran bütün suallar təcrübəli həkimlər tərəfindən ətraflı cavablandırılıb.

Sonda "Könüllü gömrükçü"lərə sertifikatlar verilib.
Zaur
Xəbəri paylaş