Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Birləşmiş Ərəb Əmirliklərində keçirilən “SMART SME MENA 2019” sərgisi başa çatıb



Newscenter.az.20.09.2019. Azərbaycan mütəxəssisləri tərəfindən hazırlanan məhsullara sərgidə böyük maraq olub.

Bir çox dünya ölkələrinin qatıldığı “SMART SME MENA 2019” sərgisi başa çatıb. Qeyd etdiyimiz kimi Azərbaycan da bu sərgidə rəqəmsal həllərini ziyarətçilərə təqdim edib. Ölkəmizi "SMART SME MENA 2019” sərgisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi yerli mütəxəssislər tərəfindən hazırlanan bir çox məhsullarla təmsil edib.

Birləşmiş Ərəb Əmirliklərində keçirilən sərgidə Nömrə daşıma, Çağrı mərkəzi xidməti, Mobil Cihazların Qeydiyyat Sistemi, Elektron arxiv, Elektron sənəd dövriyyəsi, Müqavilələrin qeydiyyatı kimi məhsullarımız nümayiş olunub.

Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov sərgidə iştirakla bağlı TED.az-a danışıb: “Bu sistemlərin hər biri yerli mütəxəssislər tərəfindən hazırlanıb. Azərbaycan mütəxəssisləri tərəfindən hazırlanan proqram təminatları, bu cür sistemlər təhlükəsizliyi və həm də dayanıqlılığı tam təmin edir. Yerli mütəxəssislər tərəfindən hazırlanan bu cür məhsulların öncə ölkə daxilində istifadəsi xarici bazarlarda satışına da böyük təkan verəcək. Sərgidə eyni zamanda bu məhsullardan başqa, elektron imza sahəsində innovativ həllər də ziyarətçilərə təqdim edilib. Və bir çox ölkələr bu istiqamətdə artıq maraq göstərib. Ümumiyyətlə, sərgidə Azərbaycan mütəxəssisləri tərəfindən hazırlanan məhsullara böyük maraq var idi”.

Qeyd edək ki, “SMART SME MENA 2019” sərgisində iştirak edən şirkətlərin əsas hədəfi inkişaf etməkdə olan ölkələr, ələlxüsus, Şimali Afrika və Orta Şərq regionudur. Yerli məhsullarımızı xarici bazara çıxarmaq baxımından “SMART SME MENA 2019” sərgisində təmsil olunmaq ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyırdı. Bu tip sərgilərdə iştirak, məhz yerli mütəxəssislərimiz tərəfindən hazırlanan məhsulların Azərbaycan brendi olaraq xarici bazarlara çıxarılması, həmçinin xarici valyutanın Azərbaycana cəlb olunması baxımından önəmlidir.
Xəbəri paylaş