Newscenter.az.20.09.2019. Rəsmi qaynaqların yaydıqları xəbərə görə sentyabrın 23-də ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün keçirilməsini planlaşdırırlar.
Newscenter.az xəbər verir ki, sözügedən görüş barədə fikirlərini ifadə edən millət vəkili Sahib Alıyevin sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndindəki "nöqtə"ləməsindən sonra rəsmi Bakı belə bir görüşün keçirilməsinə razılıq veribsə, bu daha çox bizim hay girovluğunda olan iki soydaşımız-Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlıdır: “Azərbaycan çoxdandır ki, onların əsir götürülən və əsir düşən iki hay hərbiçisinə dəyişdirilməsini təklif edir. Minsk qrupu həmsədrlərinin də sözdə də olsa, bunu dəstəkləmələri belə bir ümid yaradır ki, ola bilər iki hay hərbiçisinin təhvil verilməsi qarşılığında Dilqəmlə Şahbaz girovluqdan qurtulsunlar.
Mən iki ölkənin xarici işlər nazirləri arasındakı görüşü, danışıqları yox, məhz görüşü ancaq və ancaq bu baxımdan önəmli sayıram”. Millət vəkili hesab edir ki, əgər qarşıdakı görüşdə bu məsələylə bağlı hansısa bir razılığa gəlinsə, onda Ermənsitanla danışıqlar yoluyla problemin həll ediləcəyinə az da olsa ümid yaranır: “Əks halda bu görüş də haylarla havadarlarının status-kvonun uzadılmasına yönəlik addımlarından başqa heç bir mahiyyət daşımayacaq”.