Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Broyler toyuğu və yumurtası haramdır?



Newscenter.az.25.09.2019. Azərbaycanda ən çox istehlak olunan ət məhsullarından biri də broyler toyuqlarıdır. Qiyməti mal və balıq əti ilə müqayisədə ucuz olduğu üçün sərfəli hesab olunur. Keyfiyyəti barəsində isə müsbət rəy demək çox çətindir. Xüsusən də qida təhlükəsizliyi ilə bağlı beynəlxalq təşkilatlar broyler toyuqlarının insan orqanizmi üçün çox zərərli olduğunu dəfələrlə bəyan edib.

Araşdırmalara görə, 1960-cı illərdə bir toyuq təxminən 1 kilo idisə, bu gün 3 kilo ağırlığında da broyler məhsulu satılır. Əsas səbəb olaraq, GMO-lu yemlər qeyd olunur. Çünki bu cür qidalar tamamən ətə çevrilir. Həmçinin kəsilmədən bir həftə əvvəl antibyotik tərkibli dərmanlar da verilir ki, bu maddənin 15-26 faizi toyuğun ətində qalır.

Broyler toyuğun yetişdirilməsi, zərəri, ətinin tərkibi ilə bağlı kifayət qədər məlumatın olduğunu nəzərə alaraq, biz məsələnin şəriət tərəfini öyrənməyə çalışdıq. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli AFN-ə açıqlamasında bildirib ki, toyuğun broyler olub-olmamasının halallığına aidiyyatı yoxdur: "Şəriətimizə əsasən heyvan və quşların kəsilmə qaydaları var. Bunun üçün heyvanın üzü qibləyə tutulmalı, qəssab müsəlman olmalı, kəsici alətlə və Allahın adı çəkilməklə kəsilməlidir. Bu şərtlərə əməl olunursa, o ət məhsulu halal hesab olunur. Onu da qeyd edim ki, broyler toyuqlarını yetişdirən müəssisələrin bir çoxunda kəsim şəriət qaydalarına uyğun həyata keçirilir. Qafqaz Müsəlmanları İdarəsi bir neçə şirkətə halallıq sertifikatı verib. Mən də o komissiyanın üzvü kimi həmin müəssisələrdə dinin tələbinə əməl edildiyinin şahidi olmuşam. Lakin bu gün konkret marka adı çəkmək olmur. Çünki zaman keçdikcə şəraitin dəyişməsi də mümkündür".

İlahiyyatçı onu da qeyd edib ki, etiketinə "halal" yazılmış bütün broyler məhsullarını rahatlıqla almaq olar: "Məhsulun üzərində "halal" sözünü oxudunuzsa, halallığını araşdırmadan istehlak edə bilərsiniz. Dini nöqteyi-nəzərdən halal adı ilə satılan məhsulun araşdırılmasına ehtiyac yoxdur. Əgər kimsə üzərinə "halal" yazıb, istehlakçıları aldadırsa, bunun məsuliyyəti həmin şəxsin boynunadır. İstehkalçının üzərinə düşən etiketini oxumaqdır. "Halal" kimi təqdim edilirsə, yeyə bilər. Şəriətə görə məhsulun haramlığını yəqin etməyənə qədər müsəlmana halal sayılır".

Hacı Şahin broyler toyuğunun yumurtası ilə bağlı da sualı cavablandırıb. O, bildirib ki, yumurta bütün hallarda halaldır.
Xəbəri paylaş