Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aqrar sahədə yeni jurnal işıq üzü görüb



Newscenter.az.27.09.2019. Aqrar sahədə yeni jurnal işıq üzü görüb. Jurnalın nəşrinə Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) koordinasiya dəstəyi verir. Rüblük 5 min nüsxədə çap olunması nəzərdə tutulan "AQROSKOP" jurnalında aqrar sahə üzrə peşəkar mütəxəssislərin yazıları, araşdırma, təhlil və yeniliklər yer alıb. “Məqsədimiz fermerləri maarifləndirmə və məlumatlandırma işində Kənd Təsərrüfatı Nazirliyinə kömək göstərmək istəyən şirkət və qurumları həvəsləndirməkdir. Aqrar sahədə fəaliyyət göstərən hər kəs bilməlidir ki, fermerin daha məlumatlı olması bu sahədə inkişafı sürətləndirir. Belə niyyətlə çıxış edən hər bir təşkilat bizim dəstəyimizə əmin ola bilər. İstər məlumat təminatında, istərsə də aqrar sahədə fəaliyyət göstərən ekspertlərlə əlaqələndirmədə biz böyük məmnuniyyətlə öz köməyimizi göstərəcəyik, – deyə "AQROSKOP"” jurnalının təqdimatında AKİA-nın sədri Mirzə Əliyev deyib.

Newscenter.az xəbər verir ki, təqdimatda iştirak edən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak aqrar sahəyə marağın yüksəlməsinin bu sahədə rəqabət mühitinin artmasına və keyfiyyətin yüksəlməsinə səbəb olduğunu vurğulayıb.

Tanınmış iqtisadçı-jurnalist Əli Əhmədov iş adamlarının medianın da aqrar sahəyə marağının artdığını və məlumat seçimində daha tələbkar olduğunu bildirib: “Əgər əvvəllər hava haqqında məlumat bizim üçün sadəcə proqnoz idisə, indi bu məlumat kənd təsərrüfatı sahəsində hansı təsirlərin gözləniləcəyi barədə yozumlara da yol açır, risklər və imkanlar qiymətləndirilir”, – deyə Əli Əhmədov qeyd edib.

Jurnalın baş redaktoru Sima Çələbi bildirib ki, onilliklər öncə sahənin monitorinqi aparılmadan əkin edərək, biçimdə əl arabası kimi alətlərdən istifadə olunurdu. Bu gün hər bir azərbaycanlı fermer kosmosdan çəkilən görüntülər, həmçinin PUA-lardan yararlana bilər. “Bizim ali məqsədimiz sahəsinin öncül mütəxəssislərinin biliklərindən yararlanaraq, oxucuların rahatlıqla faydalana bilməsi üçün dəstək olmaqdır. Hədəfimiz-əsrlərə söykənən əkinçilik və heyvandarlıq tarixi olan bir xalq kimi zamanla ayaqlaşmaq yox, ondan öndə olmaqdır”, – deyə redaktor deyib.

Jurnalı Dövlət Aqrar İnkişaf Mərkəzlərindən əldə etmək olar.

Orxan
Xəbəri paylaş