Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan G77 qrupuna təşkilatın 135-ci üzvü qismində qoşulub



Newscenter.az.28.09.2019. Nyu-York şəhərində keçirilən BMT Baş Assambleyasının iclası çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Qrup 77 (G-77) təşkilatının 43-cü illik iclasında iştirak edib.

XİN-dən verilən məlumata görə, iclasda Azərbaycan G77 qrupuna təşkilatın 135-ci üzvü qismində qoşulub.

Əsas məqsədi beynəlxalq inkişaf və iqtisadi əməkdaşlıq məsələləri ilə bağlı birgə mövqedən çıxış etmək olan və sıralarında bu günədək 134 üzv ölkəni birləşdirən G77, iqtisadi və sosial məsələlər üzrə BMT-dən sonra dünyanın ən çox dövlətini bir araya gətirən birlikdir. BMT çərçivəsində fəaliyyət göstərən bu təşkilat inkişaf etməkdə olan ölkələrin mövqeyini, o cümlədən BMT-nin dayanaqlı inkişaf məqsədlərinin icrası istiqamətində inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə etmək və bu istiqamətdə BMT-nin bütün qərargahlarında birgə mövqedən çıxış etmək məqsədini güdür.

G77 qrupun iclasında çıxışı zamanı Nazir Elmar Məmmədyarov Azərbaycanın bu təşkilata fəal töhfə verməyə hazır olduğunu və Qoşulmama Hərəkatına sədrliyi dövründə bu iki təşkilat arasındakı münasibətlərin və əlaqələndirmənin inkişafı istiqamətində səylər göstərəcəyini bəyan edib.

"Bu, Azərbaycan Respublikası üçün tarixi bir gündür. Sizin dəyərli dəstəyiniz və etimadınızla biz, ümumdünya iqtisadi və sosial inkişaf məsələsini irəli aparmaq məqsədi ilə bir araya gələn, BMT-dən sonra dünyanın ən böyük dövlətlər ittifaqının bir hissəsi olduq. Qrup 77-nin bütün üzvlərinə dəyərli dəstəyə görə təşəkkür edirəm. Qrupa qəbul olmaq sorğumuz ilə mükəmməl şəkildə məşğul olduğu üçün Fələstin Dövlətinə xüsusi minnətdarlığımı bildirirəm".

Nazir bildirib ki, qloballaşma prosesləri və iqtisadiyyatlar arasındakı qarşılıqlı asılılığın dərinləşməsi şəraitində, Cənub-Cənub əməkdaşlığının gücləndirilməsi Birləşmiş Millətlər Təşkilatının hədəfləri və 2030 Dayanıqlı İnkişaf Gündəliyinin əsas komponentlərindən biri olan, həm inkişaf strategiyası, həm də inkişaf etməkdə olan ölkələrin beynəlxalq iqtisadi münasibətlərdə tam iştirak etməsini təmin edən vasitə kimi vacib məsələyə çevrildi.

O, qeyd edib ki, Azərbaycan, Qrup 77-nin iqtisadi əməkdaşlığın təşviqi yolu ilə davamlı inkişafın təmin edilməsi nəcib missiyasına fəal töhfə verməyə hazırdır: " Yəqin bilirsiniz ki, Azərbaycan Respublikası 2019-cu ilin 25-26 oktyabr tarixlərində Qoşulmama Hərəkatının Zirvə görüşünə ev sahibliyi edəcək və qarşıdan gələn 3 il ərzində Hərəkata sədrliyi üzərinə götürəcək. Sədrliyimizin prioritetlərindən biri BMT-nin ən böyük iki ölkələr qrupu arasında daha yaxşı qarşılıqlı fəaliyyəti qurmaq məqsədilə, Qoşulmama Hərəkatı - G77 əlaqələndirmə mexanizminin, yəni Birgə Əlaqələndirmə Komitəsinin canlandırılması olacaq. Bir daha bütün G-77 üzv dövlətlərinə dəyərli dəstəklərinə görə təşəkkür edirəm və sizin hamınızla işləməyi səbrsizliklə gözləyirəm"- deyə, nazir bildirib.
Xəbəri paylaş