Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxt məktəblərində Beynəlxalq Müəllimlər Günü qeyd edilib



Newscenter.az.4.10.2019. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki (BŞTİ) ümumi təhsil müəssisələrində qarşıdan gələn 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar tədbirlər keçirilib.

Newscenter.az xəbər verir ki, təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Gününə həsr olunan konfranslar, mühazirə və “Dəyirmi masa”lar, şagirdlərin əl işlərindən ibarət sərgilər, bədii qiraət gecələri təşkil edilib. Həmçinin rəsm, şeir, inşa müsabiqələri də keçirilib.

BŞTİ-nin əməkdaşlarının, yerli icra qurumlarının, ziyalıların, məktəblərin pedaqoji kollektivinin, valideyn və şagirdlərin iştirak etdiyi mərasimlərdə bildirilib ki, həyata keçirilən kompleks tədbirlər nəticəsində müəllimlik rəqabətli bir peşəyə çevrilib və ümumilikdə müəllim peşəsinə olan maraq artıb. Həmçinin bu il ali məktəblərə qəbul imtahanı zamanı yüksək bal toplayan çox saylı abituriyent müəllim peşəsini seçib.

Tədbirlərdə həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin cəmiyyətimizə və gələcəyimizə verdiyi töhfələrdən də söhbət açılıb. Çıxış edən müəllimlər yaradılan geniş imkanlardan bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün yüksək təhsilli və savadlı gənclər yetişdirmək yolunda əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər.

Həmçinin tədbirlərdə öz səmərəli fəaliyyəti ilə fərqlənən qabaqcıl müəllimlər təltif olunublar.

Şagirdlər müəllimlərə həsr olunmuş şeirlərdən parçalar səsləndirib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

R.Mehdiyeva
Xəbəri paylaş