Newscenter.az.7.10.2019. Azərbaycan sahibkarları Daşkənddə keçirilən Biznes və İnvestisiya Forumunda iştirak ediblər. Newscenter.az xəbər verir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) üzvü olan ölkələrin Biznes və İnvestisiya Forumunda Özbəkistan Baş Nazirinin müavini, maliyyə naziri Jamşid Kuçkarovun moderatorluğu ilə keçirilən Forumda 55 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti də iştirak edib. Azərbaycan nümayəndə heyətinə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev rəhbərlik edib.
Forumda tikinti materiallarının istehsalı, dərman vasitələri, kənd təsərrüfatı, turizm, qida sektoru, tekstil, informasiya və rabitə texnologiyaları, kimya, neft və qaz sənayesi, maşınqayırma, elektrik mühəndisliyi və digər sahələrdə çalışan, müxtəlif türkdilli ölkələrdən gələn 400-dən artıq iş adamı qatılıb.
Forumun rəsmi hissəsində Özbəkistan Baş Nazirinin müavini, maliyyə naziri Jamşid Kuçkarov türkdilli ölkələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyev Özbəkistanın bu quruma üzv olmasını mühüm hadisə adlandıraraq bundan sonra üzv ölkələr arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində görüləcək işlər barədə məlumat verib.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycanda genişmiqyaslı iqtisadi islahatların həyata keçirildiyini, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülmüş işlərin ölkə iqtisadiyyatının inkişafına əsaslı dərəcədə təsir göstərdiyini qeyd edib. M.Musayev bu ilin altı ayında Azərbaycanın qeyri-neft sənayesinin 15,7%, ticarət dövriyyəsinin 20%-dən çox, qeyri-neft ixracının 15%, kənd təsərrüfatı məhsullarının istehsalının isə 13% artdığını vurğulayıb.
M.Musayev həmçinin Azərbaycanla Özbəkistan arasında ticarət münasibətləri barədə məlumat verərək bildirib ki, ölkələrimiz arasında ticarət dövriyyəsi ötən il 43,9 milyon ABŞ dolları təşkil edib. Bu, 2017-ci illə müqayisədə 46,3% artım deməkdir. Bu tendensiya cari ildə də davam edib və bu ilin 7 ayı ərzində Özbəkistan ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 83% yüksəlib, 38,6 milyon dollara çatıb.
Biznes forum çərçivəsində Türk dünyasının işadamlarının ikitərəfli görüşləri də keçirilib.
Zaur