Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bal yarmarkası davam edir



Mayis Musayev: “Yarmarkaya gəlmək imkanı olmayan vətəndaşlar kendden.az saytına daxil olmaqla onlayn qaydada öz sifarişlərini verə bilərlər”

Newscenter.az.7.10.2019
. Məlum olduğu kimi sentyabr ayının 28-dən etibarən ölkədə arıçılıq məhsullarının satış yarmarkası və sərgisinə start verilib. Yarmarkanın gedişi və əhaliyə təqdim olunan arıçılıq məhsulları ilə bağlı məlumat verən Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Mayis Musayev deyib ki, Kənd Təsərüfatı Nazirliyinin tabeliyindəki Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə arıçılıq məhsullarının 20-ci satış-sərgi yarmarkası start götürüb. Oktyabrın 18-dək davam edəcək yarmarkada ümumilikdə 37 bölgədən 321 arıçının bal məhsulları təqdim etdiyini deyən Mayis Musayev yarmarkaya çıxarılmaq üçün 120 tona yaxın bal və arıçılıq məhsulunun anbara qəbul edildiyini vurğulayıb:

“Həmin məhsullar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyalarında yoxlanılıb və onlardan nümunələr götürülüb. Yalnız və yalnız qida keyfiyyəti və qida təhlükəsizliyi göstəricilərinə uyğun olan bal və arıçılıq məhsulları satışa çıxarılıb. Onu da qeyd edim ki, yarmarkaya təqdim edilən 3241 nümunədən bal götürülüb və onlardan 562-si uyğunsuz nəticə göstərib və həmin məhsullar Kənd Təsərüfatı Nazirliyinin tabeliyindəki Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin anbarında karantin şəkildə saxlanmaqdadır”. Mayis Musayev bu dəfə yarmarkada tətbiq edilən yeniliklər barədə danışıb. Bildirib ki, ilk dəfə olaraq arıçılar yarmarkada iştirak etmək üçün onlayn qaydada qeydiyyatdan keçərək iştiraklarını təsdiqləyiblər: “Yarmarkada satılan məhsulların qida təhlükəsizliyi və keyfiyyətinə əmin olmaq məqsədilə satışıa çıxarılan bütün məhsulların üzərinə xüsusi barkodlar yerləşdirilib. Vətəndaşlar aldıqları məhsulun üzərində olan barkodu kendden.az saytına daxil etməklə həmin məhsulun kimə məxsus olduğu, hansı arıçı tərəfindən yetişdirildiyi və hansı rayondan gətirildiyi, eləcə də laboratoriya nəticələrinin necə olduğu barədə məlumat əldə edə bilərlər”.

Mayis Musayev yarmarkaya gəlmək imkanı olmayan vətəndaşların da bundan yararlana bildiyini vurğulayıb və qeyd edib ki, istənilən şəxs onlayn qaydada arıçılıq məhsulları sifariş edə bilər:

“Yarmarkaya gəlmək imkanı olmayan vətəndaşlar kendden.az saytına daxil olmaqla onlayn qaydada öz sifarişlərini verə bilərlər. Belə ki, bal yarmarkasında iştirak edən arıçıların xüsusi səhifələri yaradılıb və vətəndaşlar həmin səhifələrdən öz istədikləri bal və arıçılıq məhsullarını sifariş edə bilirlər. Bu zaman həmin məhsulun çatdırılması metro stansiyaların yaxınlığına ödənişsiz olaraq həyata keçirilir. Eyni zamanda vətəndaşların yarmarkaya rahat şəkildə gediş-gəlişini təmin etmək üçün paytaxtda 4 istiqamətdə ödənişsiz şəkildə avtobuslar da fəaliyyət göstərir. Həmin avtobuslar Badamdar qəsəbəsində Heydər Əliyev parkı yaxınlığı, Bakıxanov qəsəbəsində eyniadlı ticarət mərkəzi, 28 may metrostansiyası, eləcə də Yeni Yasamal Məhəmməd Xiyabanı 10 C ünvanından yarmarkanın keçirildiyi Tofiq Bəhrəmov adına respublika stadiona vətəndaşların tam ödənişsiz daşınmasını həyata keçirir”.

Mayis Musayev yarmarka müddətində tətbiq edilən xüsusi endirim kampaniyasından da bəhs edib. Bildirib ki, 5 oktaybr-Müəllimlər Günü ərəfəsində yarmarkada iştirak edən arıçılar tərəfindən təhsil işçiləri üçün xüsusi endirimlər ediblər:

“5-6 oktyabr tarixlərində yarmarkaya alış-veriş üçün gələn müəllimlərə aldıqları məhsulun dəyərindən 20-30 faiz aşağı, endirimli qiymətlər təklif edilib. Bundan başqa yarmarkanın keçirildiyi müddət ərzində həftə sonlarında məktəblilərin və azyaşlı uşaqların arıçılıq məhsulları, arılar haqqında daha geniş məlumatlı olması, kənd təsərrüfatının bu sahəsinə uşaqlarda maraq oyadılması məqsədilə infoturlar təşkil edilir. Bu zaman yarmarka ərazisində satışa çıxarılmış arıçılıq məhsulları və bal haqqında onlara məlumat verilir, balın müxtəlif növlərindən dequstasiyalar təşkil edilir. Həmçinin onlara müxtəlif bölgələrdən gətirilmiş bal və digər arıçılıq məhsulları hədiyyə olunur”.

Orxan
Xəbəri paylaş