Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Miqrasiya Xidmətinin nümayəndə heyəti BMT QAK-ın İcraiyyə Komitəsinin 70-ci sessiyasında iştirak edir



Newscenter.az.9.10.2019. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) İcraiyyə Komitəsinin 70-ci sessiyasında iştirak məqsədilə Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbovun başçılıq etdiyi nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində səfərdədir.

Newscenter.az Xidmətə istinadən xəbər verir ki, sessiyanın ilk günündə vətəndaşsızlıq məsələləri ilə əlaqədar yüksək səviyyəli seqment təşkil olunub. Tədbirdə çıxış edən Rza Talıbov Azərbaycanın 1992-ci ildən etibarən vətəndaşsızlıq hallarının azaldılması ilə bağlı qoşulduğu bir sıra beynəlxalq sənədlərin əhəmiyyətinə toxunub. Bildirib ki, Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində tarixən həmin ərazidə yaşamış 250 min azərbaycanlı son nəfərədək öz doğma yurdundan zorla çıxarılıb. O insanların hamısı Azərbaycana pənah gətirib. 1990-cı ildə 50 minədək məshəti türkü də məhz ölkəmizdə sığınacaq tapıb.

Prezident cənab İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən məqsədyönlü siyasətin əhalinin rifah halının yüksəldilməsinə xidmət etdiyini vurğulayan Rza Talıbov Respublikada əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən qayğıdan, onların cəmiyyətə inteqrasiyası məqsədilə reallaşdırılan tədbirlərdən, o cümlədən miqrasiya qanunvericiliyinin tələblərinin sadələşdirilməsi və vətəndaşlıq sahəsində humanist hüquqi yanaşmanın tətbiqindən danışıb. Vurğulayıb ki, dövlət rəhbərliyinin uğurlu siyasətinin nəticəsidir ki, respublikamızda doğulan və hər iki valideyni vətəndaşlığı olmayan şəxs olan uşaq, eləcə də Azərbaycan ərazisində olan və hər iki valideyni naməlum uşaq da tam hüquqlu vətəndaş hesab edilir.

Baş İdarə rəisi respublikamızda vətəndaşlığı olmayan şəxslərin naturalizasiyası istiqamətində atılan addımlardan da danışıb. Bildirib ki, vətəndaşlıq almaq üçün müraciət edənlərin sayında artım müşahidə olunur ki, bu da ölkədəki sosial-iqtisadi inkişafla bağlıdır. 2008-2019-cu illər ərzində ümumilikdə 1619 vətəndaşlığı olmayan şəxs Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə vətəndaşlığa qəbul olunub. 51 nəfərin isə vətəndaşlığının bərpası həyata keçirilib. Hazırda ölkə ərazisində 545 nəfər vətəndaşlığı olmayan şəxs var. Növbəti 3 ildə həmin şəxslərin naturalizasiyası təmin ediləcək.

Yüksək səviyyəli seqmentdə təmsil olunan dövlətlər tərəfindən vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində könüllü vədlər elan olunub. Azərbaycan Hökuməti tərəfindən də ölkəmizin milli maraqları nəzərə alınmaqla müvafiq öhdəliklər səsləndirilib.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) İcraiyyə Komitəsinin 70-ci sessiyası oktyabrın 11-də yekunlaşacaq.

Xosrov
Xəbəri paylaş