Newscenter.az.9.10.2019. Ssenarisini Əli Kərimlinin yazdığı və pərdə arxasından dirijorluğunu da Əli Kərimlinin etdiyi "Milli" Şuranın dünənki piketi sözün həqiqi mənasında tam bir rəzalət mücəssəməsi idi.
Əvvəla ondan başlayaq ki, piketin təşkilatçıları bilərəkdən ya bilməyərəkdən, bu aksiyanı ciddi-cəhdlə mitinqə çevirməyə cəhd göstərirdilər. Və bununçün də əllərindən gələni etdilər. Üstəlik də onlar məqsədli surətdə, qəsdən münaqişə yaratmağa çalışırdılar. Buna nail olmaq üçün asayişi qoruyan polisləri təxribata çəkir, onlara hansısa yolla maneçilik törətmək istəyirdilər. Onlar hakimiyyətlə əvvəlcədən razılaşdırılmış piket çərçivələrindən kənara çıxaraq iştirakçıların sayının 50 nəfərdən çox olmasını təmin etmək istəyirdilər.
Bir sözlə, dinc aksiyanı (piketi) qarşıdurmaya çevirmək üçün mümkün olan hər şeyi etdilər. Bu adamlar ilk baxışdan sanki mitinqlə piketin fərqini bilməyən adamlar idi. Zənnimcə, Bakı Şəhər İcra Hakimiyyətinin piketin keçirilməsinə razılıq verməsi də onlar üçün "imtahan" xarakteri daşıyırdı. Təəssüf ki, radikal müxalifət piket "imtahan"ından da uğurla çıxa bilmədi. Əli Kərimlinin uğursuzluqları davam edir. Dünənki piket uğursuzluğunu da Əli Kərimlinin aktivinə yazaq. Adam hakimiyyət polittexnoloqlarının da öncədən hesabladıqları kimi nə mitinq, nədəki piket "imtahan"larından qalibiyyətlə çıxmağı bacarmır.
Əli Kərimli Lökbatan mitinqindən "2" aldığı kimi, dünənki piketdən də "qeyri-kafi" qiymət aldı. Hakimiyyətin bunlarla orta məktəb şagirdləri kimi davranması əslində tam da məntiqli addımdır. Radikal müxalifətin liderləri adicə bir piketi qanunun tələblərinə uyğun şəkildə təşkil edə bilmirlərsə hakimiyyətin "imtahan"larından aşağı qiymət almaqda davam edəcəklər. Müxalifətin digər kəsimləri isə radikal müxalifətin yoluyla getməməkdə tamamilə haqlıdırlar.
Əlisahib Hüseynov, Demokratik Azərbaycan Dünyası Partiyasının sədri