Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənilər arxayındırlar ki, Azərbaycan tərəfi bəyanat verməkdən o tərəfə başqa heç bir real addım atmayacaq



Newscenter.az.12.10.2019. Ermənilərin işğal olunmuş torpaqlarımızın mərkəzində - Xankəndində "Ədalət və sülh uğrunda əməkdaşlıq" başlığı altında beynəlxalq konfrans keçirməsi əlbəttə ki, heç xoş olmayan, qanqaraldıcı hadisədir.

Erməni mətbuatı xəbər verir ki, bu gün başa çatan konfransda 30 ölkədən 150 siyasətçi, ictimai fəal və ziyalılar iştirak edib. Erməni rəsmilərinin bildirdiyinə görə, konfransın məqsədi Artsaxın (ermənilər Dağlıq Qarabağa qəsdən Artsax deyirlər) beynəlxalq əlaqələrini, müxtəlif əcnəbi şəhərlərlə və regionlarla olan əməkdaşlığını genişləndirmək və qondarma “Artsax Respublikası”-na dəstək verən qurumların və şəxslərin iştirakı ilə yeni bir sistemin yaradılmasıdır. Konfransda qondarma respublikanın bir çox rəsmiləri (Bako Sahakyandan tutmuş Gənclər və Turizm nazirinə qədər) çıxış ediblər. Konfransdakı panellər əsasən iki məsələyə həsr olunub: "Artsax xalqının öz müqəddəratını təyin etmə hüququ və sülh yolu ilə həll prosesi" və "Artsax Respublikasının beynəlxalq əlaqələrini genişləndirmək imkanları, iqtisadi, mədəni, elmi və təhsil sahələrində Azərbaycan tərəfindən Qarabağın təcrid olunması siyasətinə"".

Bütün bunlar erməni saytlarında yer alan məlumatlardır. Biz bu konfransın keçirilməsini əngəlləmək üçün heç nə edə bilmədik. Çünki işğal olunmuş torpaqlarımızdakı separatçı-terrorçu erməni "banda"sı heç bir beynəlxalq-hüquq normalarını tanımır. Konfransın işinə qatılan amerikalı, rusiyalı, fransalı, italiyalı, kanadalı və digər ölkələrdən olan parlamentariləri, QHT rəhbərlərini, bloggerləri, elm və mədəniyyət adamlarını "qara siyahı"ya salmağımız da artıq heç bir effekt vermir. Xarici İşlər Nazirliyimiz (XİN) onları "arzuolunmaz şəxslər" siyahısına salsa da belə, onlar Dağlıq Qarabağda keçirilən bu cür qanunsuz konfranslara, forumlara, yarışlara, sərgilərə, festivallara qatılmaqdan çəkinmirlər. Bizim verdiyimiz bəyanatlar da təsirsiz qalır. Çünki ermənilər arxayındırlar ki, Azərbaycan tərəfi bəyanat verməkdən o tərəfə başqa heç bir real addım atmayacaq. Odur ki, bu cür "bespredel"llik edirlər.

Əslində bəyanat da lazımdır. Çünki dünya ictimaiyyətini təcavüzkar ermənilərin təxribatçı hərəkətlərindən xəbərdar etmək bu gün çox önəmli məsələdir. Biz informasiya savaşında bir an belə ara verə bilmərik. Diplomatik bəyanatlar da informasiya savaşının bir parçasıdır. Ancaq bəyanatlarla bərabər biz qısamüddətli antiterror əməliyyatları da keçirə bilərik. Yaxud da Dağlıq Qarabağa hava uçuşlarına son qoymaq üçün İrəvandan uçan təyyarələri, helikopterləri Dağlıq Qarabağ ərazisində vursaq, ondan sonra nə Paşinyan, nədəki Xankəndini su yoluna döndərən xarici ölkələrin parlament üzvləri, bələdiyyə sədrləri, hətta sıravi turistlər də belə bundan sonra cəsarət edib işğal olunmuş torpaqlarımıza bir də ayaq basmazlar. Qudurmuş düşməni və onlara dəstək verən ermənipərəst əcnəbiləri yalnız güc nümayişi ilə durdura bilərik. Təəssüf ki, bizim başqa alternativimiz yoxdur.

Əlisahib Hüseynov-Demokratik Azərbaycan Dünyası Partiyasının sədri
Xəbəri paylaş